Son dəqiqə:

Partiya: AXCP-nin Sabirabad fəalı Əli Kərimlinin məhkəməsindən qayıdanda saxlanılıb, 30 sutka inzibati həbs alıb

İllüstrativ foto, Sabirabad: Golden, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 13:15

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabirabad rayon şöbəsinin fəalı Mircəmil Ağayevin 30 sutka inzibati həbs cəzası aldığı bildirilir. Partiya bu barədə noyabrın 4-də məlumat yayıb.

AXCP-nin məlumatına görə, Ağayev noyabrın 3-də partiya sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin məhkəməsində iştirak etmək üçün Bakıya gəlib. Həmin gün Sabirabada qayıdanda evinin qarşısında mülki geyimli şəxslər onu saxlayıb naməlum istiqamətə aparıblar.

Fəalın hansı ittihamla həbs edildiyi açıqlanmayıb, rəsmi qurumlar da hadisə barədə hələlik açıqlama verməyib.

Kərimli və İbrahim Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərə aid 278.1-ci maddəsi ilə ittiham olunurlar. Bu maddə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutur. Hər iki siyasətçi ittihamı rədd edir və həbslərinin siyasi motivli olduğunu deyir.

Partiyanın 20-yə yaxın üzvünün, o cümlədən sədrinin həbsdə olduğu bildirilir, AXCP bu həbsləri siyasi sifariş sayır. Hüquq müdafiəçilərinin son hesabatlarına görə, ölkədə 322 siyasi məhbus var. Hakimiyyət isə bu iddianı qəbul etmir, həmin şəxslərin siyasi fəaliyyətə görə yox, konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu bildirir.

Digər xəbərlər