Son dəqiqə:

Macarıstan Rusiya qazından 2027-ci ilin payızınadək imtina edəcəyini təsdiqləyib, Azərbaycan qazı alternativlər arasındadır

Foto: Avstriya Xarici İşlər Nazirliyi, CC BY 4.0, Wikimedia Commons
05-11-2026 12:40

Macarıstan Rusiya qazının idxalını Avropa İttifaqının qoyduğu son müddətə, 2027-ci ilin payızına qədər dayandırmağı planlaşdırır. Xarici işlər naziri Anita Orban bunu təsdiqləyib.

Orban noyabrın 3-də "Telex" nəşrinə deyib ki, Budapeşt bir neçə variantı nəzərdən keçirir: Xorvatiyadakı mayeləşdirilmiş qaz terminalının gücünü artırmaq, Polşa və Litva terminallarından almaq, həmçinin Yunanıstan üzərindən Azərbaycan qazına çıxış yaradan marşrutlardan istifadə etmək.

Azərbaycan qazının Qərbi Avropaya çatması üçün 2023-cü ilin fevralında Bolqarıstan və Serbiya illik gücü 1,8 milyard kubmetr olan birləşdirici boru kəmərinin tikintisinə başlayıb.

Rusiya neftində vəziyyət daha mürəkkəbdir. Nazir tam imtina tarixini deməyib, MOL şirkətinin başqa mənbələrdən alınan nefti emala hazırlaşdığını bildirib. ABŞ-nin Macarıstana "Lukoil" və "Rosneft"dən neft almaq üçün verdiyi sanksiya icazəsi noyabrın 21-də bitir.

Baş nazir Peter Madyar oktyabrda bu icazənin ən azı bir il uzadılmasını istəyib və bunu Tramp ilə Putin arasındakı Rusiya dizeli razılaşması ilə əsaslandırıb: "Əgər ABŞ prezidenti dizel yanacağının ixracı ilə bağlı razılaşma əldə edibsə, Macarıstana bu istisnanın ən azı daha bir il müddətinə verilməməsi məntiqsiz olardı". Aİ qanunu Rusiya qazının həm boru kəməri ilə, həm də mayeləşdirilmiş şəkildə idxalını dayandırmağı nəzərdə tutur.

Digər xəbərlər