Son dəqiqə:

Rusiyanın Zaporojyedə humanitar yardım paylanan binaya zərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb, onlarla adam itkin sayılır

İllüstrativ foto: Zaporojye, oktyabr 2026. Zaporizhzhia Regional State Administration, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 16:08

Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya ordusunun noyabrın 2-də Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə aviabombalarla zərbələri nəticəsində 31 nəfər ölüb. Əvvəlki rəsmi rəqəm 24 idi. Dağıntıların təmizlənməsi davam edir.

Vilayət Hərbi Administrasiyasının rəhbəri Mıxaylo Semikin deyir ki, ümumilikdə doqquz zərbə endirilib və 40-dan çox adam itkin sayılır. Onun sözlərinə görə, bombalardan biri birbaşa yeraltı beton tikiliyə düşüb, o vaxt içəridə insanlar olub.

Prezident Volodimir Zelenskinin sözlərinə görə, hədəf keçmiş məktəb binası olub. Cəbhə xəttindən 20 kilometrdən az məsafədə yerləşən Komışuvaxadan uşaqlar hələ iyunda məcburi təxliyə edilib, binadan isə humanitar məqsədlə və sığınacaq kimi istifadə olunub.

Zelenski deyir ki, bazar ertələri binada humanitar yardım paylanırdı, sakinlər gələndə ilk zərbə endirilib, sonra isə sığınacaq da vurulub. O, Rusiya ordusunun binanın humanitar obyekt olduğunu bildiyini iddia edərək zərbəni "terror" adlandırıb. "Əgər Rusiya həqiqətən deeskalasiyaya can atsaydı, Oleşkidəki hadisələrdən sonra indi humanitar təşəbbüsləri davam etdirmək üçün uyğun məqam idi. Biz bunu təklif etmişdik. Amma Rusiya öldürməyə davam edir", - Zelenski bildirib.

Rusiya Müdafiə Nazirliyi hesabatlarında Vinnitsa, Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərinə hücumlardan danışıb, Komışuvaxaya zərbəni isə qeyd etməyib və məqsədini izah etməyib. Zaporojye vilayətində noyabrın 3-5-də matəm elan olunub.

Digər xəbərlər