ABŞ portalı: Vitse-prezident Vens aylarla Trampı İranla müharibəni bitirən razılaşmaya inandırmağa çalışıb
ABŞ vitse-prezidenti Cey Di Vensin bir neçə ay ərzində prezident Donald Trampı İranla razılaşmaya getməyə inandırmağa çalışdığı bildirilir.
"Axios" portalı məlumatlı mənbələrə istinadən yazır ki, Trampın yaxın ətrafında müharibəni razılaşma ilə bitirməyi məsləhət görənlərin başında Vens dayanıb. Portala görə, o, İsrailin Baş naziri Binyamin Netanyahunu da İran məsələsində yanılmaqda ittiham edib və müharibənin amerikalılar arasında populyar olmadığını, Respublikaçılara aralıq seçkilərdə məğlubiyyət gətirə biləcəyini əvvəlcədən deyib.
Eyni məlumata görə, yüksək vəzifəli rəsmilərin çoxu Vensin fikrini bölüşür, Trampın əsas məsləhətçiləri ona İsraildə keçirilən seçkidən əvvəl Netanyahuya dəstək verməməyi tövsiyə ediblər. Tramp isə bir ara Netanyahunun təşviqi ilə Konqres seçkilərindən əvvəl İrana zərbələri bərpa etməyi ciddi düşünsə də, gözləmək qərarına gəlib.
Noyabrın 3-də keçirilən seçkilərdə Demokratlar Konqresin hər iki palatasında çoxluq qazanıb. Vens noyabrın 4-də məğlubiyyəti İran müharibəsi ilə izah etmişdi. Tramp isə jurnalistlərə deyib ki, Vensin qiymətləndirməsi "əsasən doğrudur", məğlubiyyətdə yanacağın bahalaşmasını günahlandırıb, müharibənin isə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olduğunu təkrarlayıb.
ABŞ İrana qarşı müharibəyə fevralda İsraillə birlikdə başlayıb. Hörmüz boğazının bağlanması dünyada yanacaq böhranına səbəb olub. "Al Jazeera" telekanalı müharibənin indiyədək ABŞ vergi ödəyicilərinə təxminən 47 milyard dollara başa gəldiyini yazır. İrana qarşı sərt mövqeyi ilə tanınan senator Ted Kruz da indi müharibənin çox uzandığını deyir.
