Son dəqiqə:

Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir

Arxiv foto: Polad Aslanov
03-11-2026 11:00

“Xeberman.com” saytının həbsdə olan rəhbəri, jurnalist Polad Aslanov məktəblərdə hicabla bağlı məhdudiyyətlərə etiraz olaraq oktyabrın 12-də başladığı aclıq aksiyasını oktyabrın 31-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində dayandırıb. Bu barədə həyat yoldaşı Gülmirə Aslanova noyabrın 2-də sosial şəbəkədə yazıb.

“Çəkim 41 kq, təzyiqim 50/80 idi. Artıq su da qəbul edə bilmirdim... Həkimlər hər an komaya düşəcəyimi və iflic qala biləcəyimi bildirdilər... Gücüm bu qədər yetdi”, - Aslanova həyat yoldaşının sözlərini belə yayıb.

Jurnalist oktyabrın 12-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun və Teymur adlı əməkdaşın onu döydüyünü deyir. Onun sözlərinə görə, üç gün sonra Müalicə Müəssisəsinə köçürüləndə üzündə və boynunda zorakılıq izləri olub, həm müəssisənin həkimləri, həm də ona baş çəkən Ombudsman Aparatının əməkdaşları bu izlərin fotolarını çəkib. Gülmirə Aslanova döyülmənin səbəbinin aclıq aksiyası olduğunu iddia edir.

Aslanov aksiyaya ilk dəfə oktyabrın 8-də başladığını açıqlamışdı. Həyat yoldaşının sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşı Anar Quluzadə onunla görüşüb hicab məsələsinin həll olunacağını deyib, jurnalist də aclığı dayandırıb, amma oktyabrın 12-də yenidən başlayıb.

“Amnesty International” insan haqları təşkilatı döyülmə iddiası ilə bağlı narahatlığını bildirib, Azərbaycan hakimiyyətini müstəqil araşdırma aparmağa və jurnalistin ixtisaslı tibbi yardım almasını təmin etməyə çağırıb. Abzas Media yazır ki, bu iddialarla bağlı Penitensiar Xidmətdən və Ombudsman Aparatından münasibət ala bilməyib.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib, dövlətə xəyanət maddəsi ilə 13 il azadlıqdan məhrum olunub. Jurnalist ittihamı qəbul etmir.

Digər xəbərlər