Hökumətyönlü media işçilərinə hücumlara dərhal cinayət işi açılıb, müstəqil jurnalistlər isə şikayətlərinin araşdırılmadığını deyir
Arxiv foto: Sevinc Vaqifqızı, 2020. Foto: Voice of America, Public domain, Wikimedia CommonsBakıda bir həftədə hökumətə yaxın media əməkdaşlarına iki hücum olub, Daxili İşlər Nazirliyi hər iki hadisə ilə bağlı cinayət işi açıldığını bildirib. Oktyabrın 28-də Yasamalda şagird ölümünü işıqlandıran "REAL TV" və "SpaceTV" əməkdaşlarına hücum edildiyi, noyabrın 1-nə keçən gecə isə Nizami rayonunda yanğını lentə alan "APA TV" müxbirinin xəsarət aldığı bildirilir.
AzadlıqRadiosu bu hadisələrdən sonra sual qoyur: eyni həssaslıq müstəqil jurnalistlərə də şamil olunurmu? Radio yazır ki, yayılan kadrlarda zorakılıq görünsə də, hadisələrin detallarını müstəqil mənbələrdən təsdiqləyə bilməyib.
"Mən elə bir hal xatırlamıram ki, müstəqil mətbuatda çalışan hər hansı bir jurnalistə qarşı törədilən zorakılıq, təzyiq və ya təhdid hakimiyyət tərəfindən araşdırılsın", - jurnalist Alya Yaqublu deyib.
Londonda yerləşən "Justice for Journalists" (Jurnalistlər üçün Ədalət) fondunun hesabatına görə, 2025-ci ildə Azərbaycanda media işçilərinə qarşı azı 20 fiziki zorakılıq faktı qeydə alınıb, bir il əvvəl bu rəqəm 12 olub. Fond yazır ki, zorakılıq artıq küçədən istintaq təcridxanalarına, həbsxana kameralarına və polis idarələrinə keçib. Hesabatda Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Nərgiz Absalamova, bloqer Rəşad Ramazanov və Məhəmməd Kekalovun şikayətləri yer alıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə son hadisələrin jurnalistlərə hücumların artması kimi qiymətləndirilməsini doğru saymır. "Bu hadisələr zaman baxımından təsadüfən üst-üstə düşüb", - o deyib.
Siyasi şərhçi Samirə Qasımlı baş verənləri müstəqil medianın sıradan çıxarılmasının nəticəsi sayır. Onun sözlərinə görə, hakimiyyətin nəzarətindəki media insanların problemlərini işıqlandırmadığı üçün vətəndaşda qıcıq yaranır. 2023-cü ilin noyabrından bəri Abzas Media, Toplum TV və "Kanal 13" kimi platformaları hədəf alan həbs dalğasında 30-a yaxın jurnalist və media işçisi saxlanılıb.


