Son dəqiqə:

Məhkəmə həbsdəki Meydan TV baş redaktorunun ev dustaqlığına buraxılması barədə vəsatəti yenə rədd edib

Arxiv foto: Aynur Elgünəş, 2023. Foto: Ülviyyə Əli, Public domain, Wikimedia Commons
02-11-2026 22:18

Bakı Ağır Cinayətlər Məhkəməsi noyabrın 2-də "Meydan TV işi" üzrə həbsdə olan baş redaktor Aynur Elgünəşin (Qənbərova) ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Hakimlər təxminən yarım saat müşavirədən sonra qərarı elan edib. Eyni vəsatət oktyabrın 26-da da rədd olunmuşdu.

Meydan TV xəbər verir ki, vəkil Zibeydə Sadıqova müvəkkilinin II qrup əlil olduğunu, 17 dəfə əməliyyat keçirdiyini və təcili böyrək əməliyyatına ehtiyacı olduğunu bildirib. Vəkilin sözlərinə görə, orqanizmində şişlər də var, səhhəti isə günü-gündən pisləşir. "Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmalıdır. İndi də deyirlər ki, klinika rəhbərliyinin razılığı lazımdır", - deyib.

Sadıqova məhkəmə tərkibindəki hakim Azər Tağıyevin baxdığı başqa bir işi də nümunə gətirib. Onun sözlərinə görə, siqaret qaçaqmalçılığında təqsirləndirilən və xaricdə saxlanılıb gətirilən şəxs ev dustaqlığına buraxılıb.

İclasda şahidlərin dindirilməsinə başlanılıb. Bakı Jurnalistika Məktəbinin yerləşdiyi ofisin sahibi Tamilla Qurbanova əmlakını qanuni əsasla icarəyə verdiyini, başqa məlumatı olmadığını deyib. Təqsirləndirilən Ülvi Tahirov isə ofisin 1500-2000 avroya icarəsi ilə bağlı sənədlərin əsli yox, surəti olduğunu və sübut sayıla bilməyəcəyini bildirib.

Prosesdə redaktor və arqument.az saytının rəhbəri Şəmşad Ağa ilə hakim Zaur Hacıyev arasında mübahisə düşüb. "Yaxınlarım, hörmət elədiyim adamlar burada olmasa, heç bu məhkəməyə gəlmərəm. Çünki bu, məhkəmə deyil, məzhəkədir", - Şəmşad Ağa deyib. Hakim "burada şou göstərməyə ehtiyac yoxdur" cavabını verib.

Oktyabrın 26-da jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanada döyüldüyünü və vəkili ilə görüşə buraxılmadığını demişdi. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov məhkəməyə göndərdiyi məktubda onun intizam qaydalarını pozduğuna görə 3 günlük cərimə təcridxanasına salındığını yazıb, vəkillə görüşə məhdudiyyət barədə məlumatı isə təkzib edib. Vəkil Rövşanə Rəhimlinin vəsatəti ilə məhkəmə təcridxanadan kamera görüntüləri barədə sorğu göndərməyə qərar verib.

İşdə 12 nəfər mühakimə olunur. Jurnalistlər qaçaqmalçılıq və digər ittihamları rədd edir, hökumətin korrupsiyası barədə yazılarına görə cəzalandırıldıqlarını bildirirlər.

Digər xəbərlər