Həbsdəki tədqiqatçı İqbal Əbilov 1 il qapalı həbsxanaya göndərilib, talış dilində şeir yazılmış köynəyinə görə cəzalandırıldığını deyir
Arxiv foto: İqbal ƏbilovBakının Qaradağ Rayon Məhkəməsi noyabrın 2-də 18 il həbs cəzası çəkən tədqiqatçı İqbal Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsi barədə qərar verib. 12 saylı cəzaçəkmə müəssisəsi onun 3 il qapalı həbsxanada saxlanılmasını istəmişdi, hakim Teymur Qurbanov təqdimatı qismən təmin edib.
Toplum TV Əbilovun yaxınlarına istinadən yazır ki, o, iclasda talış dilində çıxış edib, ona istinad edilən intizam pozuntularını əsassız adlandırıb. Müəssisə onu məhbuslar arasında qarışıqlıq yaratmaqda, digər məhbuslara təsir göstərməkdə və milli nifrətə yönələn hərəkətlərdə günahlandırır. Əbilov bu iddiaları qəbul etmir, məhbusların şahid kimi dindirilməsini və müşahidə kameralarının görüntülərinə baxılmasını istəyib.
Tədqiqatçının sözlərinə görə, iyulun 9-da Bakı İstintaq Təcridxanasında üzərində talış dilində şeir yazılmış köynəyi əlindən alınıb, sonra zor tətbiq edilərək cərimə təcridxanasına salınıb. O, köynəkdəki misralarda dövlətə qarşı çağırış olmadığını deyib və şeirin ekspertizadan keçirilməsini istəyib.
"Əgər talış dilində bir beytə görə mənə qarşı güc tətbiq edirlərsə, məni çarpayıya qandallayırlarsa, iki aylığına cərimə təcridxanasına salırlarsa və qapalı tipli həbsxanaya göndərirlərsə, onda ölkədə talış dilinin vəziyyəti barədə nə demək olar?!", - Əbilov deyib.
O, cərimə təcridxanasında xroniki bronxitinin kəskinləşdiyini, nəfəs almaqda çətinlik çəkdiyini, amma tibbi yardım almadığını bildirib. Əbilov qərarın əvvəlcədən planlaşdırıldığını və intizam sənədlərinin saxtalaşdırıldığını da iddia edib.
Belarusda yaşamış tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2025-ci il mayın 20-də ona 18 il həbs cəzası verib. Hökumətyönlü media onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini iddia edib. İ. Əbilovun Hüquqlarını Müdafiə Komitəsi isə onun siyasi fəaliyyətlə məşğul olmadığını bildirir, bir sıra beynəlxalq insan haqları təşkilatları və BMT məruzəçiləri onu siyasi məhbus sayır.


