Azərbaycanın daha bir boksçusu U-23 Avropa çempionu olub, komanda yarışı dörd medalla bitirib
İllüstrativ foto: U.S. Navy photo by Mass Communication Specialist 2nd Class Kristopher S. Wilson, Public domain, Wikimedia CommonsXorvatiyanın Poreç şəhərində keçirilən 23 yaşadək boksçuların Avropa çempionatında Azərbaycan millisinin üzvü Nicat Alırzayev (70 kq) qızıl medal qazanıb. O, final görüşündə Gürcüstanı təmsil edən Zviad Tçotçuanı 5:0 hesabı ilə məğlub edib; beş hakimin hər biri görüşü 30:27 hesabı ilə Alırzayevin xeyrinə qiymətləndirib.
Bundan bir az əvvəl 50 kiloqram çəkidə Bilalhəbaşi Nəzərov da final görüşündə türkiyəli Tevfik Akkası 5:0 hesabı ilə üstələyərək çempion olmuşdu. 19 yaşlı boksçu bu titulu ardıcıl üçüncü dəfə qazanır: o, 2024-cü ildə Poreçdə, 2025-ci ildə Ostravada da birinci olmuşdu.
Azərbaycan millisi turniri iki qızıl və iki bürünc medalla başa vurub. Bürünc medalları Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) qazanıb.
Çempionatda 39 ölkədən 276 boksçu iştirak edib. Azərbaycanın dörd boksçusu bir neçə gün əvvəl yarımfinala çıxaraq ən azı bürünc medalı təmin etmişdi.


