Ermənistan İstintaq Komitəsinin sədri: Ermənistanda saxlanılan Azərbaycan əsgəri dumanda yolunu azıb, kimisə öldürmək niyyəti olmayıb
İllüstrativ foto: Laçın dəhlizindəki Azərbaycan keçid məntəqəsi, Ermənistan tərəfdən görünüş. Foto: Elisa von Joeden-Forgey, CC BY-SA 4.0, Wikimedia CommonsErmənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Ermənistanda həbsdə olan Azərbaycan Ordusunun müddətli hərbçisi Nəsimi Musayevin heç kimi öldürmək niyyəti olmadığını deyib. Onun jurnalistlərə dediklərini “Sputnik Armenia” yayıb.
Poqosyana görə, hərbçi artıq dindirilib və ifadə verib: o, duman səbəbindən yolunu azaraq piyada Ermənistan ərazisinə keçib, bir ev görüb, şüşəni sındırıb içəri girib, ac olduğu üçün özünə yemək hazırlayıb və paltarını dəyişib. “Uşaqlar içəri girəndə onların telefonunu götürüb, oturmağa məcbur edib, lakin onlara xəsarət yetirməyib”, - Poqosyan deyib. O, istintaq davam etdiyi üçün ifadənin digər təfərrüatlarını açıqlamayıb.
Azərbaycan Baş Prokurorluğu əvvəllər bildirmişdi ki, Laçın rayonu istiqamətindəki hərbi hissələrdən birində müddətli xidmət keçən Musayev Nəsimi Rasim oğlu 2026-cı il sentyabrın 26-da xidmət yerində olmayıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvələri onun axtarışını aparıb. Hərbi Prokurorluğun araşdırması onun hərbi hissəni özbaşına tərk etməsinə “əsaslı şübhələr” müəyyən edib. Ermənistan məhkəməsinin qərarı ilə Musayev həbs edilib.
Hərbçiyə Ermənistanda hansı maddə ilə ittiham irəli sürüldüyü açıqlanmayıb. Azərbaycan tərəfi Poqosyanın sözlərinə hələlik münasibət bildirməyib.


