Şəkidə iki nəfərin öldüyü "Şəki Yaylası" istirahət mərkəzi ilin sonunadək bağlanıb
İllüstrativ foto: Şəki şəhəri. lelebella, CC BY 2.0, Wikimedia CommonsŞəki rayonunun Baş Kəldək kəndindəki "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb. Sentyabrın 8-də burada kanat yolundan istifadə edən iki nəfər hündürlükdən yıxılaraq ölmüşdü.
Qafqazinfo mərkəzin nümayəndəsinə istinadən yazır ki, istintaq davam etdiyi üçün mərkəz ilin sonunadək işləməyəcək. Qonaqların boş yerə kənd və dağ yollarına çıxıb geri qayıtmaması üçün Şəki-Qaraməryəm-Bakı magistral yolunda da fəaliyyətin dayandırılması barədə xüsusi lövhə quraşdırılıb.
Baş Prokurorluq noyabrın 2-də bildirmişdi ki, mərkəzi idarə edən sahibkar Ramiz Hüseynov və kanat yolunun qülləsini tikən Abasət Paşayev barəsində həbs qərarı seçilib. İstintaqın versiyasına görə, qüllə bu sahədə lisenziyası və xüsusi təhsili olmayan şəxsə şifahi tapşırıqla tikdirilib, tormoz qurğusu isə kustar üsulla hazırlanıb.
Hadisə zamanı Ucal Bayramov və Coşqun Məmmədzadə ölmüşdü. Hüseynova iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq, Paşayevə isə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə ittiham elan olunub. Hər iki şəxs barəsində həbs qərarını Şəki Rayon Məhkəməsi verib, istintaq davam edir.


