46 vətəndaş cəmiyyəti təşkilatı Azərbaycanın ATƏT-ə sədrliyinə qarşı çıxır

Foto: StagiaireMGIMO, CC BY-SA 4.0, Wikimedia Commons
24-11-2026 10:26

Belarus, Rusiya, Ukrayna, Fransa, Serbiya, ABŞ və başqa ölkələrdən 46 vətəndaş cəmiyyəti təşkilatı Azərbaycanın 2027-ci ildə ATƏT-ə sədrlik etməsinin əleyhinə birgə müraciət yayıb. Müraciətdə deyilir ki, Azərbaycan hökuməti “təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində etibarlı tərəfdaş deyil” və təşkilata rəhbərlik etməyə layiq görülməməlidir.

İmzalayanlar arasında İşgəncələrə Qarşı Dünya Təşkilatı (OMCT), ABŞ-dəki “Freedom Now” insan haqları təşkilatı, Azərbaycanın İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və Belarusun “Vyasna” İnsan Haqları Mərkəzi var.

Müraciətə görə, ATƏT-ə üzv dövlətlər noyabrın 19-da Azərbaycanın 2027-ci ildə sədr olması ehtimalını müzakirə ediblər. Təşkilatlar yazır ki, əsas sütunlarından biri insan haqları olan qurumun idarəçiliyinin “avtoritar hökumətə həvalə olunması” ATƏT-in legitimliyini və etibarını ciddi şübhə altına alar.

Sənəddə Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təzyiqlərin 2013-cü ildən kütləvi xarakter aldığı, 2023-cü ildən isə daha da gücləndiyi qeyd olunur. Təşkilatların hesablamasına görə, ölkə həbsxanalarında azı 300 siyasi məhbus var.

Rəsmi Bakı müraciətə hələlik münasibət bildirməyib. Hakimiyyət indiyədək ölkədə əsas azadlıqların qorunduğunu deyib, “siyasi məhbus” ifadəsini qəbul etməyib və həbsdə olanların konkret cinayətlərə görə cəza çəkdiyini bildirib.

Digər xəbərlər