Həbsdəki jurnalist Ülviyyə Əli: uzadılan məhkəmə prosesi hökmdən əvvəl cəzaya çevrilir

Foto: Fargana Novruzova, CC0, Wikimedia Commons
23-11-2026 18:45

“Meydan TV işi” üzrə 2025-ci ilin mayından həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) Azərbaycanda məhkəmə proseslərinin uzadılmasının təqsiri sübut olunmamış insanları faktiki olaraq cəzalandırdığını yazır. Onun “Abzas Media”da dərc olunan yeni yazısının əsas fikri budur: “Proses özü cəzadır”.

Jurnalist soruşur ki, “məhkəmə təxirə düşdü”, “hakim heyəti dəyişdi”, “hakim məzuniyyətə gedir” kimi səbəblərlə aylarla davam edən həbs nə dərəcədə ədalətlidir. Onun fikrincə, belə uzanan proses şəxsə hökmdən əvvəl cəza verirsə, hökmdə neçə il yazılmasının əhəmiyyəti azalır, təqsirsizlik prezumpsiyası isə yalnız kağız üzərində qalır.

Ülviyyə Əli istintaq təcridxanasındakı şəraiti məhkumlarınkı ilə müqayisə edir: məhkumların ailə ilə açıq və uzunmüddətli görüş, açıq havada gəzinti, işləmək hüququ olduğu halda, təcridxanada həftədə bir saatlıq görüş, həftədə iki dəfə on beş dəqiqəlik telefon danışığı və günün böyük hissəsinin qapalı kamerada keçdiyini yazır. Onun sözlərinə görə, nəzarətçilər görüş vaxtını bəzən adam çoxluğu səbəbindən yarım saata endirirlər.

Yazıda “Meydan TV işi” nümunə kimi göstərilir: ilk həbslər 2024-cü il dekabrın 6-da olub, sonrakı aylarda Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar həbs edilib, 2025-ci ilin avqustunda ittihamlar ağırlaşdırılıb, ilk hazırlıq iclası isə həmin ilin dekabrında keçirilib. Jurnalistin fikrincə, dövlət işin mürəkkəbliyini əsas gətirsə də, bu mürəkkəbliyin böyük hissəsini istintaqın özü yeni təqsirləndirilən şəxslər və ittihamlar əlavə etməklə yaradıb.

Ülviyyə Əli Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsini xatırladır: həbsdə saxlanılan şəxs ağlabatan müddətdə mühakimə olunmalı, ya da məhkəməyədək azad edilməlidir. O, Cinayət-Prosessual Məcəlləsinin ibtidai istintaq üçün ağır cinayətlərdə 13, xüsusilə ağır cinayətlərdə 19 aylıq son hədd qoyduğunu, amma bu müddətin həbsin avtomatik davamı demək olmadığını yazır.

Yazıda Bəşir Süleymanlının iyulda məhkəmədə dediyi sözlər də xatırlanır: hüquq müdafiəçisi prosesin qərəzli şəkildə uzadıldığını və bir il yarımdır qapalı şəraitdə saxlandığını demişdi, lakin növbəti iclas iki ay sonraya təyin edilmişdi. “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər qaçaqmalçılıq və digər maddələrlə ittiham olunur, onlar ittihamları rədd edir.

Digər xəbərlər