Rosstat sızmasını araşdıran mərkəz: Putinin müharibəsində Rusiya ordusunda döyüşən 408 Azərbaycan vətəndaşı ölüb
Foto: toiida, CC0, Wikimedia CommonsRusiyanın Ukraynaya qarşı müharibəsində Rusiya ordusu sıralarında döyüşən 408 Azərbaycan vətəndaşının həlak olduğu bildirilir. Bu rəqəm Rusiya Federal Dövlət Statistika Xidmətindən (Rosstat) sızdırılmış ölüm qeydləri əsasında hazırlanan yeni araşdırmada yer alıb.
Araşdırmanı Rusiya siyasətini öyrənən müstəqil analitik mərkəz “NEST Centre” aparıb. Mərkəzin hesablamalarına görə, 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 29-dək Rusiya tərəfində döyüşən 6 947 xarici vətəndaşın ölümü qeydə alınıb. Bu siyahıda ilk yerləri Mərkəzi Asiya ölkələri tutur: Qazaxıstandan 1 375, Özbəkistandan 1 301, Tacikistandan 831, Belarusdan 719, Qırğızıstandan 415 nəfər. Azərbaycan vətəndaşları 408 nəfərlə bu sıranın ardınca gəlir.
“NEST Centre” müharibə başlayandan 2026-cı ilin sentyabrınadək Rusiya hərbçiləri arasında ümumilikdə təxminən 530 min ölüm qeydə alındığını hesablayıb; metodologiyadan asılı olaraq bu rəqəm 521 minlə 537 min arasında dəyişir. Tədqiqatçılar bunun yekun rəqəm olmadığını, ölümü hələ rəsmi qeydə düşməyən hərbçilərin də ola biləcəyini vurğulayırlar.
Eyni sızmanı araşdıran digər nəşrlər fərqli rəqəmlərə gəlib. “Meduza” və “Mediazona”nın hesablamasına görə, azı 490 min Rusiya hərbçisi ölüb; itkin düşmüş kimi qeydə alınanlar da nəzərə alınarsa, bu say 720 min və ya daha çox ola bilər. Məlumat bazasını jurnalistlərə noyabrın 1-də Rosstat-a müdaxilə etdiklərini açıqlayan “Belarusun kiberpartizanları” və “Silent Crow” haker qrupları verib.
“NEST Centre”in araşdırmasında xarici vətəndaşların Rusiya ordusuna necə cəlb olunduğuna da toxunulur. Mərkəzin yazdığına görə, miqrantlara Rusiyada mülki iş, sənəd işlərində kömək və həbsdən azad olunma vəd edilib, bəzi hallarda isə hərbi müqavilələr təzyiq və fiziki zorakılıqla imzalatdırılıb.
Araşdırmaya görə, müharibənin ən ağır itkiləri 2025-ci ilin yazına düşüb: həmin ilin may ayında 19 mindən çox ölüm qeydə alınıb, ən ölümcül gün isə 808 nəfərin həlak olduğu 6 may 2025-ci il olub. “Vajnıye istorii” nəşrinin hesablamasına görə, 2022-ci ildə gündə orta hesabla 60-a yaxın Rusiya hərbçisi ölürdüsə, 2025-ci ildə bu göstərici 584-ə çatıb.


