Zelenski: Donbası Rusiyaya könüllü vermək müharibəni uduzmaq deməkdir

Arxiv foto: Ukrayna Prezidentinin saytı, CC BY 4.0, Wikimedia Commons
24-11-2026 22:13

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin nəzarətində qalan Donbas ərazilərindən qoşunları çıxarmayacağını bildirib. O, Yerli və Regional Hakimiyyət Orqanları Konqresindəki çıxışında Donbasdan könüllü geri çəkilməyi müharibədə məğlubiyyət adlandırıb.

“Mən döyüş nəticəsində geri çəkilməkdən danışmıram, söhbət öz qərarımızla torpağımızı tərk etməyimizdən gedir”, - Zelenski deyib. Onun sözlərinə görə, dövlətin bir hissəsini öz iradəsi ilə verən ölkəyə heç bir təhlükəsizlik zəmanəti sonradan başqa əraziləri də tələb etməyəcəklərinə təminat vermir; Moskva Donbasdan sonra Xarkov, Dnepr və Zaporojye vilayətlərinə də iddia irəli sürə bilər.

Zelenski deyib ki, sülh danışıqlarında ABŞ nümayəndələri ilk dəfə Ukraynanın NATO-ya üzvlüyü qarşılığında qoşunların Donbasdan çıxarılması məsələsini qaldırıblar. Ukrayna qoşunlarının Donbasdan çıxması Rusiyanın əsas tələbidir. Prezidentin sözlərinə görə, Kiyev buna razı olmadığını bildirib.

Ukrayna prezidenti Rusiyanın hər ay 50 mindən çox hərbçi itirdiyini iddia edib və Moskvanın atəşkəsə razılaşmalı olduğunu deyib. O, 2014-cü ildə Krımın müdafiə olunmamasının sonradan genişmiqyaslı müharibəyə yol açdığını xatırladıb.

Vladimir Putin isə daha əvvəl Moskvanın müharibəni bitirməkdə maraqlı olduğunu, amma Kiyevin Rusiyanın təklif etdiyi kompromislərə getməli olduğunu demişdi. Putin Ukraynanın Donbasın qalan “10 faizindən” yapışmağa ehtiyac olmadığını bildirmişdi.

Eyni gün Belarus prezidenti Aleksandr Lukaşenko fransız “Le Point” jurnalına müsahibəsində Zelenski ilə birlikdə danışıqlar üçün Moskvaya uçmağa və onun təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu deyib. Zelenskinin bu təklifi qəbul etməyəcəyi xatırladılanda Lukaşenko “Onda qoy özü avtomatla cəbhəyə getsin və vuruşsun” cavabını verib.

Digər xəbərlər