Yardımlı İcra Hakimiyyətinin nüfuz alverində ittiham olunan üç əməkdaşının məhkəməsi başlayıb

Yardımlı rayonu, illüstrativ foto. Foto: Interfase, CC BY-SA 4.0, Wikimedia Commons
26-11-2026 17:03

Yardımlı Rayon Məhkəməsində Yardımlı Rayon İcra Hakimiyyətinin nüfuz alverində ittiham olunan üç vəzifəli şəxsinin cinayət işi üzrə proses başlayıb. İlk iclasda təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlamasına görə, qurum bu ilin aprelində icra hakimiyyətində əməliyyat keçirib və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyevi, baş məsləhətçi Yaşar Eyvazovu saxlayıb.

Prokurorluq onlara və sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) ilə ittiham irəli sürüb. Mirzəyev və Eyvazov barəsində həbs qərarı seçilib, Səfərov polis nəzarəti altındadır.

Digər xəbərlər