Kiprin şimalındakı gəmi faciəsi işində daha bir Azərbaycan vətəndaşı saxlanılıb

Qazimaqusa limanı, illüstrativ foto. Foto: Gökhan Can, CC BY 4.0, Wikimedia Commons
26-11-2026 17:45

Kiprin şimalında “Filo Jet” gəmisinin çevrilməsi ilə bağlı istintaq çərçivəsində axtarışda olan Azərbaycan vətəndaşı S.S. Qazimaqusa limanında saxlanılıb. Türkiyənin İHA agentliyinin məlumatına görə, gəminin keçmiş heyət üzvü başqa şirkətə məxsus gəmi ilə limana gələrək ərazisinə daxil olmaq istəyərkən saxlanılıb.

S.S. Girnə Rayon Məhkəməsinə çıxarılıb və məhkəmə onun istintaq üçün bir gün həbsdə saxlanılmasına qərar verib. Agentliyin yazdığına görə, o, ekspertlərin gəminin çevrilməsinə səbəb kimi göstərdiyi sınığı ilk görən şəxs olub: iyunun 12-də zədənin fotosunu çəkərək gəminin ikinci kapitanı Merve Nur Seraslana göndərib. S.S. iyulda gəmidəki işindən ayrılıb.

İstintaq onun mobil telefonunu, zədə ilə bağlı göndərdiyi foto və mesajları yoxlayacaq.

“Filo Jet” avqustun 30-da Girnə sahillərində çevrilib. İHA-nın məlumatına görə, faciədə 28 nəfər həyatını itirib. Bu işdə əvvəl saxlanılan üç Azərbaycan vətəndaşı da daxil olmaqla doqquz nəfər qəsdən adam öldürmədə ittiham olunur; ekspertiza gəminin təmirində uyğunsuz materiallardan istifadə edildiyini və su keçirməyən qapıların açıq qaldığını müəyyən edib.

Digər xəbərlər