Talış bloger Kamal İsayevin 8 il 6 aylıq həbs hökmü apellyasiyada dəyişməz qalıb

Bakı Apellyasiya Məhkəməsinin binası, illüstrativ foto. Foto: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia Commons
26-11-2026 17:15

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan hakimiyyətinin etnik azlıqlara dair siyasətini tənqid edən bloger Kamal İsayev barəsində çıxarılmış 8 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb. İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim Emin Əliyevin sədrlik etdiyi iclas noyabrın 25-də keçirilib və müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib.

İsayev və vəkili Nemət Kərimli məhkəmədə ittihamları əsassız adlandırıblar. Müdafiə tərəfi blogerin dövlət əleyhinə çağırış etmədiyini və xarici qüvvələrin tapşırığını yerinə yetirmədiyini bildirib. İsayev cinayət işində adı çəkilən şəxslərin heç birini tanımadığını deyib: “Mən Rusiyadakı Azərbaycan səfirliyinin tədbirlərinə maddi dəstək göstərmişəm, çıxışlarımda Azərbaycanın maraqlarını müdafiə edən fikirlər səsləndirmişəm. Görünür ki, bu, mənə qarşı açıq-aşkar qurulmuş işdir”.

Komitənin yaydığı məlumata görə, iclasda İsayevin 2025-ci il noyabrın 4-də Türkiyədə olduğu, ertəsi gün isə barəsində axtarış elan edildiyi məlum olub. Rusiya vətəndaşı olan və uzun illər həmin ölkədə yaşayan İsayev ötən ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bloger “YouTube” platformasındakı “Jahid Kamal” və “Arya Toloş” kanallarında hakimiyyətin etnik azlıqlarla bağlı siyasətini müntəzəm tənqid edirdi. Əvvəlki iclasda o, ona aid edilən Azərbaycan şəxsiyyət vəsiqəsinin saxta olduğunu, heç vaxt Azərbaycan vətəndaşı olmadığını demişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2026-cı il sentyabrın 8-də İsayevi Cinayət Məcəlləsinin 281.2 (qrup halında dövlət əleyhinə açıq çağırışlar), 281-1.2 (ölkənin ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolları qrup halında yaymaq) və 283.2.1-ci (zor tətbiqi və ya hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət salmaq) maddələri ilə təqsirli bilib. İsayev günahını qəbul etmir.

Digər xəbərlər