Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfərinin Gəncəyə ola biləcəyini deyib

Arxiv foto: Ashkhen87, CC BY-SA 4.0, Wikimedia Commons
26-11-2026 17:27

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrın əvvəlində Azərbaycana gedəcəyini, amma səfərin Bakıya olmayacağını yenidən bildirib. O, noyabrın 26-da Yerevanda hökumət binası qarşısında jurnalistlərə deyib ki, nümayəndə heyəti ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcək: “Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”.

Simonyanın sözlərinə görə, səfərdə texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq. Ermənistan tərəfi bu səfəri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunun 14-də Ermənistanın Dilican şəhərinə etdiyi səfərin cavabı kimi təqdim edir. Hacıyev o vaxt Təhlükəsizlik Şurasının o zamankı katibi Armen Qriqoryanla sülh gündəliyini müzakirə etmişdi.

Həmin gün hökumət binası qarşısında Qarabağdan köçmüş ermənilər aksiya keçiriblər. Onlar yeni biometrik pasportların “Doğum yeri” bölməsində “Azərbaycan” yazılmasına etiraz ediblər. “Artsaxın Dirçəlişi” təşkilatının sədri Anastas İsraelyan deyib ki, hakimiyyət bu addımla məsələni “mümkün qədər tez bağlamağa” çalışır.

Binadan çıxan Simonyan etirazçılara belə cavab verib: “Onlar harada doğulublar? Doğulanda Artsax mövcud idimi? Orada yaşamaqları fərq etmir. Mən də Rusiyada, Fransada yaşamışam. Bəs nə olsun?”. O, etirazçıların emosiyalar üzərində oynadığını deyib, aksiya iştirakçıları isə hökuməti xəyanətdə ittiham edən şüarlar səsləndiriblər.

Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidməti dəyişikliyi daha əvvəl beynəlxalq standartlarla və köhnə qeydlərin sərhəd keçidlərində yaratdığı problemlərlə izah etmişdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri sülh gündəliyinə dair sənədlər imzalayıb, sülh sazişinin mətni paraflanıb.

Digər xəbərlər