Azərbaycan 10 ayda 12,2 milyard dollarlıq neft satıb, gəlirin yarıdan çoxu İtaliyadan gəlib

İtaliyanın Triest şəhəri və neft anbarları, illüstrativ foto. Foto: Ajznponar, CC0, Wikimedia Commons
26-11-2026 16:38

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 18,4 milyon ton xam neft ixrac edərək 12 milyard 162 milyon dollar gəlir əldə edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, alıcılar arasında birinci yerdə İtaliyadır: bu ölkəyə 10,5 milyon ton neft göndərilib, dəyəri 6 milyard 812 milyon dollar olub.

İkinci yerdə 975 milyon dollarlıq (1,4 milyon ton) neftlə Çexiya, üçüncü yerdə 667 milyon dollarlıq (830 min ton) neftlə Hindistan qərarlaşıb. Beləliklə, ixrac gəlirinin təxminən 56 faizi bir ölkənin, İtaliyanın payına düşür.

Gömrük statistikasına əsasən hesablamalar göstərir ki, eyni dövrdə 661 milyon dollarlıq 897 min ton neft məhsulu da ixrac olunub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyərcə 2,02 dəfə, həcmcə 52,5 faiz çoxdur. Ölkədə neft emalı Bakı Neft Emalı Zavodunda aparılır, zavodda yenidənqurma işləri davam edir.

Neft məhsullarının alıcıları arasında Ermənistan da var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-oktyabrda Azərbaycandan Ermənistana ümumilikdə 23,7 milyon dollarlıq məhsul ixrac olunub. Bakı 2025-ci ilin oktyabrında Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri götürmüş, həmin ilin dekabrında SOCAR Ermənistana ilk partiya - 1220 ton benzin göndərmişdi.

Neft gəlirləri dünya qiymətlərindən birbaşa asılıdır. Bu həftə “Azeri Light” markalı neftin bir barelinin qiyməti yenidən 100 dolları keçib; Hörmüz boğazındakı gərginlik qiymətləri yuxarı qaldırır.

Digər xəbərlər