İsrailin müdafiə naziri Həmas tərksilah olmasa Qəzzada bir milyon fələstinlini yenidən köçürməklə hədələyib
Arxiv foto: Österreichisches Außenministerium, CC BY 2.0, Wikimedia Commonsİsrailin müvəqqəti hökumətinin müdafiə naziri İsrail Kats Həmas silahını təhvil verməsə, Qəzza zolağında bir milyon fələstinlinin yenidən cənuba köçürüləcəyini bildirib. Kats “X” sosial şəbəkəsində yazıb ki, Həmas ya “könüllü tərksilah olacaq”, ya da İsrail ordusu “Gideonun döyüş arabaları II” əməliyyatı çərçivəsində onu tərksilah edəcək, “o cümlədən Qəzzanın bir milyon sakininin yenidən cənuba evakuasiyası” ilə.
Hədə Qəzzaya gecə endirilən üç İsrail zərbəsində səkkiz fələstinlinin öldüyü gün səslənib. “Şifa” və “Əl-Əqsa Şəhidləri” xəstəxanalarının həkimlərinə görə, Deyr əl-Bələhdə yaşayış binasına dəyən zərbədə ər-arvad həlak olub, Qəzza şəhərindəki iki ayrı zərbədə isə üç nəfər ölüb.
Baş nazir Benyamin Netanyahu və Kats birgə bəyanatda zərbələrdən birində Həmasın Qəzzada iqtisadiyyat və təhsil işlərinə baxan rəsmisi Xalid Əbu Nadanın öldürüldüyünü deyiblər. İsrail ordusu digər zərbədə “üç silahlını” hədəf aldığını bildirib, ətraflı məlumat verməyib.
İsrail ilə Həmas arasında atəşkəs razılaşması bir ildən çox əvvəl əldə olunsa da, İsrailin Qəzzaya atəşi və hava zərbələri demək olar hər gün davam edir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, üç ildən çox davam edən müharibədə ən azı 74 746 fələstinli öldürülüb. BMT Qəzzanı İsrailin işğal etdiyi Fələstin ərazisi sayır.
Həmas daha əvvəl silahlarını təhvil verməyi öhdəsinə götürmüşdü.
