İran Hörmüz boğazında daha iki tankerin minaya düşdüyünü deyir, bir gündə sayı beşə çatıb

Foto: NASA, Public domain, Wikimedia Commons
19-11-2026 17:21

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında daha iki iri neft tankerinin dəniz minasına düşüb partladığını açıqlayıb. Bununla İran tərəfinin noyabrın 19-da minaya düşdüyünü dediyi tankerlərin sayı beşə çatıb.

SEPAH-ın açıqlamasına görə, ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyan iki tanker boğazın cənub sahillərinə yaxın ərazidə yanır. Qurum iddia edir ki, tankerlər ABŞ qırıcılarının dəstəyi və dronların müşayiəti ilə boğazın qadağan olunmuş marşrutundan gizlicə keçməyə çalışıblar.

Səhər saatlarında İran ordusu boğazın şərqində naviqasiya sistemlərini söndürərək qadağan olunmuş ərazidə hərəkət edən üç tankerin minaya düşərək alovlandığını və hərəkətsiz qaldığını bildirmişdi. Britaniyanın Dəniz Ticarəti Əməliyyatları mərkəzi (UKMTO) isə ayrıca olaraq Omanın Xasab şəhəri yaxınlığında başqa bir tankerin naməlum sursatla vurulduğunu yazmışdı.

SEPAH ABŞ ordusunun komandanlığı altında olan və ya onunla əməkdaşlıq edən istənilən tankerin icazəsiz marşrutdan keçməyə cəhd edəcəyi təqdirdə müdaxilə olunacağını bəyan edib. İran tərəfinin açıqlamasına görə, boğazdan keçid yalnız İran Silahlı Qüvvələrinin elan etdiyi qaydalara əməl edilməklə, icazə verilən dəhlizlərdən və naviqasiya avadanlığı işlək halda mümkündür.

Dünya neft ixracının mühüm hissəsinin keçdiyi boğazdakı böhran neft qiymətlərinə birbaşa təsir edir; bu isə büdcəsi neft gəlirlərindən asılı olan Azərbaycan üçün də əhəmiyyətlidir.

Digər xəbərlər