Azərbaycanda 65 yaşdan yuxarı əhali altı ildə 50 faiz artıb, əmək pensiyası alanlar isə azalıb

Foto: Adam Jones, CC BY-SA 2.0, Wikimedia Commons
19-11-2026 18:01

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcə layihəsinə verdiyi rəyə görə, 2020-2026-cı illərdə Azərbaycanda 65 və daha yuxarı yaşda olanların sayı 50,4 faiz artıb. Eyni vaxtda əmək pensiyası alanların sayı azalıb.

Palatanın rəqəmlərinə görə, 2021-ci ilin əvvəlində 1 milyon 228 min 829 nəfər əmək pensiyası alırdısa, 2026-cı il iyulun 1-də bu say 1 milyon 99 min 979 nəfərə enib. Fərq 128 min 850 nəfərdir.

Azalmanın demək olar hamısı əlilliyə görə pensiya alanların payına düşür: onların sayı 128 min 622 nəfər, yəni 34,4 faiz azalıb. Yaşa görə pensiya alanların sayı cəmi 197 nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 31 nəfər azalıb. Son illərdə əlilliyin müəyyən edilməsi qaydaları dəyişib; vətəndaşlar, o cümlədən İkinci Qarabağ müharibəsinin iştirakçıları yeni qaydaların status almağı çətinləşdirdiyindən şikayət edirlər. Rəsmilər isə dəyişikliyi subyektiv qərarların və qanun pozuntularının qarşısını almaq məqsədi ilə izah edirlər.

Pensiya yaşı da mərhələli şəkildə qaldırılıb: kişilər üçün 2020-ci ildən, qadınlar üçün isə 2026-cı il iyulun 1-dən 65 yaşdır.

Rəydə deyilir ki, 2020-ci ildən 2026-cı ilin əvvəlinədək əhali 2,9 faiz artaraq 10 milyon 262 min 400 nəfərə çatıb, amma 0-19 yaşlıların sayı 4,6 faiz azalıb. 65 yaşdan yuxarı olanlar indi əhalinin 10,6 faizini təşkil edir, yaşlıların əmək qabiliyyətli əhaliyə nisbəti 5,6 faiz bəndi yüksəlib. Palata uşaqlı ailələrə verilən müavinətlərin həm məbləğinin artırılmasını, həm də növlərinin genişləndirilməsini tövsiyə edir.

Digər xəbərlər