Beynəlxalq Enerji Agentliyi: Hörmüz böhranı 1970-ci illərin neft şoklarından da böyük təhlükədir

Arxiv foto: Bundesministerium für europäische und internationale Angelegenheiten, CC BY 2.0, Wikimedia Commons
19-11-2026 09:11

Beynəlxalq Enerji Agentliyi (BEA) noyabrın 19-da yaydığı illik “World Energy Outlook” hesabatında fevralda ABŞ və İsrailin İrana zərbələri ilə başlayan Yaxın Şərq böhranını enerji təhlükəsizliyi tarixində ən böyük təhlükə adlandırıb.

Agentliyin icraçı direktoru Fatih Birol hesabata yazdığı ön sözdə qeyd edib ki, Hörmüz boğazı böhranı miqyasına görə 1970-ci illərin neft şoklarını da kölgədə qoyur. İran zərbələrdən sonra boğazı bağlayıb və bölgədəki tankerləri hədəfə alır. Böhrandan əvvəl dünyada dənizlə daşınan neftin təxminən beşdə biri bu boğazdan keçirdi. ABŞ-nin gəmiləri müşayiət etmək cəhdlərinə baxmayaraq, tədarük ciddi şəkildə pozulub.

Birolun sözlərinə görə, hökumətlər istehlakçıları qorumağa çalışsalar da, insanlar daha yüksək qiymətlərlə, bəzi ölkələrdə isə çatışmazlıqla üzləşib. Hesabatda deyilir ki, digər ehtiyat imkanları tükəndikcə böhranın yükü getdikcə daha çox istehlakçıların və yüksək qiymətlərin üzərinə düşür. Birol enerji dünyasının böhrandan əvvəlki vəziyyətə qayıtması üçün inandırıcı yol görmədiyini deyib.

BEA-nın orta ssenarisinə görə, dünyada neftə tələbat 2030-cu il ətrafında pik həddə çatacaq və sonra yavaş-yavaş azalacaq, qaza tələbat isə 2035-ci ilə qədər artacaq. Agentlik bu dəfə böhranın uzanacağı halda iki əlavə ssenari də hazırlayıb.

Hesabat yayılan gün dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin bareli 1,17 dollar ucuzlaşaraq 97,62 dollara düşüb. Azərbaycanın builki dövlət büdcəsi neftin bareli 65 dollar hesabı ilə tərtib olunub.

Digər xəbərlər