Putin Krım körpüsünə hücumlardan sonra Ukrayna ilə qismən atəşkəsdən imtina etdiyini deyib

Foto: Kremlin.ru, CC BY 4.0, Wikimedia Commons
19-11-2026 16:19

Rusiya prezidenti Vladimir Putin Çində ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpinlə üçtərəfli görüşdən sonra jurnalistlərə deyib ki, Rusiya Təhlükəsizlik Şurasında Ukrayna ilə bəzi sahələrdə atəşkəs imkanını müzakirə edib, amma son günlərdə Krım körpüsünə edilən hücumlardan sonra bu fikirdən daşınıb. “Krım körpüsünə zərbələrdən sonra danışıq aparmayacağıq”, - Putin deyib.

Putin körpünü “tamamilə dinc obyekt” adlandırıb, Rusiyanın cavabının “daha ağrılı” olacağını və körpünün bərpa ediləcəyini bildirib. Ukrayna son bir həftədə körpünü üç dəfə vurub; hücumlardan birində avtomobil yolunun tağı çöküb, hərəkət dayandırılıb.

Rusiya prezidenti ərazi məsələsində Moskvanı güzəştə məcbur etmək cəhdlərinin mənasız olduğunu deyib. Onun sözlərinə görə, ABŞ kompromisləri hələ Alyaskanın Ankoric şəhərindəki görüşdə təklif edib, sual Ukraynanın və onun avropalı tərəfdaşlarının bununla razılaşıb-razılaşmamasıdır. Putin həmçinin Kiyevin müharibənin bitməsini istəmədiyini iddia edib.

Putin həmçinin Rusiyanın avropalıları Ukrayna ilə bağlı mövqelərini anlamaq üçün Moskvaya dəvət etdiyini, dialoqun necə davam edəcəyinə bundan sonra qərar veriləcəyini bildirib. O, Ukraynanın təhlükəsizlik hüququnu tanıdıqlarını, amma Rusiyanın təhlükəsizliyini də müzakirə etmək lazım olduğunu deyib.

Bu il Putin bir neçə dəfə Ukraynanın uzaqmənzilli zərbələrin, o cümlədən neft emalı zavodlarına hücumların dayandırılması təkliflərini rədd etdiyini demişdi.

Digər xəbərlər