İran ordusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 pilotsuz aparatını vurduğunu bildirir
İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi Hörmüz boğazının şərq hissəsi üzərində ABŞ-yə məxsus MQ-9 “Reaper” pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
İran dövlət teleradiosunun yaydığı bəyanatda deyilir: “Hörmüz boğazının şərqində MQ-9 pilotsuz aparatı aşkarlanıb və ölkənin cənub-şərqində yerləşdirilmiş, vahid hava hücumundan müdafiə şəbəkəsinin idarəsi altında işləyən ordunun yerli istehsal sistemlərinin atəşi ilə vaxtında məhv edilib.”
MQ-9 “Reaper” ABŞ ordusunun kəşfiyyat və zərbə endirmək üçün istifadə etdiyi uzaqmənzilli pilotsuz aparatdır.
Bu iddia regionda gərginliyin artdığı günlərə təsadüf edir. İran ordusu noyabrın 18-nə keçən gecə Küveytdə ABŞ qüvvələrinin istifadə etdiyi Əli əl-Salem hava bazasını dronlarla vurduğunu açıqlamışdı. Bir gün əvvəl isə İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında neft daşıyan supertanker və maye qaz gəmisinin minaya düşdüyünü bildirmişdi. ABŞ Prezidenti Donald Tramp isə İranın Vaşinqtona “çirkli bomba” ilə hücum planlaşdırdığı barədə xəbərə görə Tehranı hədələyib, İran bu iddianı rədd edir.
Hörmüz boğazı dünya neft ticarətinin əsas yollarından biridir və buradakı gərginlik neft qiymətlərinə birbaşa təsir edir; bu isə büdcəsi neft gəlirlərindən asılı olan Azərbaycan üçün də vacibdir. Noyabrın 18-də günortadan sonra “Brent” markalı neftin barreli 92,6 dollar ətrafında satılırdı.

