“Anglo Asian Mining” Qoşa və Ordubad yataq sahələrini dövlətə qaytarır
Azərbaycanda qızıl və mis hasil edən “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının uzadılmasını istəməyəcəyini açıqlayıb. Hər iki sahə Azərbaycan hökumətinə qaytarılacaq.
Şirkətin açıqlamasına görə, hasilatın pay bölgüsü sazişinə əsasən Qoşa sahəsində hasilat hüququnun müddəti artıq bitib, Ordubadda isə yaxın vaxtlarda başa çatır. Şirkət layihə portfelini nəzərdən keçirdikdən sonra qarşıdakı illərdə bu sahələrə vaxt və vəsait ayırmağı məqsədəuyğun saymayıb: hər ikisi hazırkı hasilat obyektlərindən uzaqdadır və orada hazır infrastruktur yoxdur.
Rəhbərliyin diqqəti və əsas sərmayə Xarxar və Qaradağ mis layihələrində hasilatın başlanmasına yönəldiləcək, geoloji kəşfiyyat isə mövcud mədənlərin ətrafına cəmlənəcək. Şirkət yeni yataqlar tapılarsa, mövcud infrastrukturdan istifadə etməklə mədənlərin və emal müəssisələrinin ömrünü uzatmağı gözləyir.
Sazişə lazım olan dəyişikliklər hazırda hökumətlə razılaşdırılır, daha sonra Milli Məclisin təsdiqinə veriləcək. Şirkət gələcəkdə bu iki sahə üzrə hüquqları yenidən əldə etmək üçün müraciət edə biləcəyini də bildirib.
Londonda birjada qeydiyyatda olan “Anglo Asian Mining”in əsas hasilat obyekti Gədəbəy rayonundadır. Ordubad müqavilə sahəsi Naxçıvan Muxtar Respublikasında yerləşir.

