“QHT işi”: “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı 7 il 6 ay həbs cəzası alıb

Arxiv foto: Parvana Bayramova, Public domain, Wikimedia Commons
19-11-2026 15:45

Bakı Ağır Cinayətlər Məhkəməsi noyabrın 19-da “QHT işi” üzrə təqsirləndirilən “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı barəsində hökm çıxarıb. Hakim Vüqar Seyidovun sədrliyi ilə keçən prosesdə Süleymanlı 7 il 6 ay həbs cəzası alıb.

Prosesi izləyən “Toplum TV” yazır ki, dövlət ittihamçısı Süleymanlının 9 il müddətinə azadlıqdan məhrum edilməsini və 3 il vəzifə tutmaq hüququndan məhrum olunmasını istəmişdi. Məhkəmə prokurorun istədiyindən bir il yarım az cəza təyin edib.

Prokurorluq Süleymanlını vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş vəsaiti xeyli miqdarda leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir (Cinayət Məcəlləsinin 313, 193-1.3.2 və 308.2-ci maddələri). Süleymanlı ittihamların heç birini qəbul etmir. Onun sözlərinə görə, təşkilatın aldığı vəsait tamamilə qanuni yolla əldə olunub və regionlarda vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardıma, seçkilərin monitorinqinə xərclənib.

Süleymanlı ötən ilin martında saxlanılıb və o vaxtdan həbsdədir. Bu iş üzrə vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülən maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

QHT-lərlə bağlı cinayət işi 2014-cü ildə başlanıb, 2022-ci ildə dayandırılıb, 2025-ci ilin fevralında isə Baş Prokurorluq onu yenidən açıb. İstintaqa 100-dən çox şəxsin, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşlarının və bəzi hökumətyönlü QHT rəhbərlərinin cəlb edildiyi bildirilir. Eyni işdə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov 8 il, “Ubuntu” Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev 7 il 3 ay həbs cəzası alıb.

Digər xəbərlər