Azərbaycanlı kreditor Sankt-Peterburqdakı beşulduzlu “Ermitaj” otelini illərlə davam edən məhkəmədən sonra ələ keçirir

Foto: EmEkaterina, CC BY-SA 4.0, Wikimedia Commons
18-11-2026 14:59

Azərbaycanın “Aqrarkredit” bank olmayan kredit təşkilatı uzun sürən məhkəmə çəkişmələrindən sonra Sankt-Peterburqun Pravda küçəsində yerləşən beşulduzlu “Ermitaj” otelinin faktiki təhvilinə nail olub.

Rusiyanın “Fontanka” nəşri yazır ki, noyabrın 17-də səhər məhkəmə icraçıları icra tədbirləri üçün otelə gəliblər. Nəşrə görə, mülkiyyət hüququ 2023-cü ilin iyunundan “Aqrarkredit”ə məxsus olsa da, əvvəlki sahib otel biznesini idarə etməyə davam edirdi.

Mübahisənin kökü Azərbaycan Beynəlxalq Bankının verdiyi kreditlərə gedib çıxır. Bank 2008-2014-cü illərdə sahibkar Elşən Babayevlə əlaqəli MBİK şirkətinə otel layihəsi üçün 55 milyon dollar və 14,77 milyon avro kredit ayırıb, lakin borc qaytarılmayıb. Təxminən 3,09 milyard rubla qiymətləndirilən otel kompleksi borcun bir hissəsi qarşılığında “Aqrarkredit”ə verilib. Beynəlxalq Bankın problemli aktivləri 2015-ci ildə “Aqrarkredit”ə ötürülmüşdü.

Rusiya məhkəməsi 2024-cü ilin yanvarında əvvəlki sahibin binadan çıxarılması tələbini təmin edib, qərar 2025-ci ilin iyununda qüvvəyə minib, mülkiyyətin keçməsinə etirazlar isə nəticə verməyib. Məhkəmə “Ermitaj Media” şirkətindən sahib dəyişəndən sonra oteldən əldə etdiyi 44 milyon rubldan çox gəlirin tutulmasını da qərara alıb. “Aqrarkredit” oteli rəsmən sahiblik etdiyi dövrdə Rusiya büdcəsinə 92,6 milyon rubl vergi ödəyib.

“Fontanka”nın məlumatına görə, “Aqrarkredit” və Beynəlxalq Bankın kreditorlar reyestrinə daxil edilmiş tələblərinin ümumi məbləği 8,1 milyard rubla çatır.

Digər xəbərlər