SSRİ bayrağı ilə yürüşə cəhddə ittiham olunan dörd nəfərin həbs cəzası apellyasiyada dəyişməyib

Bakı Apellyasiya Məhkəməsi. Foto: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia Commons
19-11-2026 10:29

Bakı Apellyasiya Məhkəməsi sosial şəbəkələrdə kommunist ideologiyasını təbliğ etməkdə və SSRİ bayraqları ilə yürüş keçirməyə cəhd göstərməkdə ittiham olunan dörd nəfərin şikayətini təmin etməyib. Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə Nizami Rayon Məhkəməsinin hökmü dəyişməz saxlanılıb.

Birinci instansiya məhkəməsi İbrahim Əsədli və Abdulla İbrahimlini 2 il, Elçin Bayramlı və Mehman Zeynalovu isə 1,5 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak ittihamı ilə mühakimə olunublar.

Ötən ilin noyabrında sosial şəbəkələrdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərdiyi videolar yayılmışdı. Daxili İşlər Nazirliyi daha sonra dörd nəfəri təşkilatçı kimi müəyyən edib saxladığını açıqlamışdı, məhkəmə isə onların barəsində 3 ay müddətinə həbs qərarı seçmişdi.

Digər xəbərlər