Beynəlxalq insan haqları mərkəzi Azərbaycanda ilk Siyasi Məhbuslar Günü ilə bağlı bəyanat yayıb
Foto: Voice of America, Public domain, Wikimedia CommonsKanadada fəaliyyət göstərən Raul Vallenberg İnsan Hüquqları Mərkəzi (Raoul Wallenberg Centre for Human Rights) Azərbaycanda noyabrın 18-də ilk dəfə qeyd olunan Siyasi Məhbuslar Günü ilə bağlı bəyanat yayıb. Təşkilat sosial şəbəkə hesabında Azərbaycanda əsas azadlıqların sistemli şəkildə məhdudlaşdırıldığını yazıb.
“Prezident İlham Əliyevin hakimiyyəti dövründə müstəqil media susdurulub, vətəndaş cəmiyyəti institutları dağıdılıb, jurnalistlər, alimlər və siyasi opponentlər həbs olunublar”, - bəyanatda deyilir.
Mərkəz AXCP-nin həbsdəki sədri Əli Kərimli, “Meydan TV”nin həbsdəki jurnalisti Aytac Tapdıq (Əhmədova), iqtisadçı alim Qubad İbadoğlu və onun qardaşı Qalib Bayramovun işlərinə diqqət çəkib. Təşkilatın fikrincə, bu işlər siyasi repressiyaların insanlara vurduğu zərəri göstərir. “Siyasi fikir ayrılığı cinayət deyil. Özbaşına həbslərə son qoyulmalıdır”, - bəyanatda vurğulanıb.
Siyasi Məhbuslar Gününü təsis etmək təşəbbüsünü 2026-cı il iyunun 1-də həbsdəki jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri birgə bəyanatla irəli sürüblər. Tarix 2007-ci il noyabrın 18-də həbsdə aclıq aksiyası zamanı həyatını itirən fəal Faina Kunqurovanın xatirəsinə həsr olunub.
Hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycanda 322 siyasi məhbus var. Hakimiyyət isə ölkədə kiminsə siyasi baxışlarına görə həbs olunduğunu qəbul etmir.