SEPAH Hörmüz boğazında daha üç tankerin minaya düşdüyünü deyir, Oman sahilində başqa bir tanker vurulub
Foto: U.S. Navy photo by Mass Communication Specialist Seaman Patrick W. Mullen, Public domain, Wikimedia Commonsİranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində üç neft tankerinin dəniz minalarına düşüb alovlandığını bildirib. İranın dövlət teleradiosu IRIB-in yaydığı açıqlamada SEPAH tankerlərin İran hərbi dəniz qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığını, Tehranın icazə vermədiyi marşrutla və avtomatik identifikasiya sistemlərini söndürərək üzdüyünü iddia edir.
Britaniyanın Dəniz Ticarəti Əməliyyatları mərkəzi (UKMTO) isə ayrıca bildirib ki, Hörmüz boğazından keçən başqa bir neft tankeri Oman sahilində naməlum sursatla vurulub. Yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, hadisə Omanın Xasab şəhərinin şimalında baş verib, mərmi tanker boğazdan çıxmağa hazırlaşarkən onun mühərrik bölməsinə dəyib. “Ekipaj təhlükəsizdir, bütün heyət gəmidədir”, - UKMTO yazıb. Mərkəzin sözlərinə görə, zərərin miqyası və ətraf mühitə mümkün təsiri barədə hələlik məlumat yoxdur, hadisə araşdırılır, bölgədəki gəmilər ehtiyatlı olmağa çağırılır.
SEPAH son günlərdə Hörmüz boğazında bir neçə gəminin minaya düşdüyünü açıqlayıb; bu həftənin əvvəlində o, 2 milyon barreldən çox xam neft daşıyan supertanker və maye qaz gəmisinin də minaya düşdüyünü bildirmişdi. ABŞ prezidenti Donald Tramp isə “Fox News”a müsahibəsində İranın “atəş açmadığını, gəmiləri batırmadığını” və Hörmüz boğazının tam ABŞ-nin nəzarətində olduğunu iddia edib.
“Bloomberg” agentliyi yazır ki, ABŞ-nin bölgədəki üç təyyarədaşıyan gəmisindən biri olan “George Washington” Fars körfəzini tərk edib.
Dünyada dəniz yolu ilə daşınan neftin böyük hissəsi Hörmüz boğazından keçir və buradakı hadisələr neft qiymətlərinə birbaşa təsir edir. Azərbaycan büdcəsinin əsas gəlir mənbəyi neft ixracı olduğu üçün qiymətlərdəki kəskin dəyişikliklər ölkənin gəlirlərində də hiss olunur.


