BMT-nin Beynəlxalq Məhkəməsi Myanmanın rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyi qənaətinə gəlib

Foto: Ontheway Advice, CC0, Wikimedia Commons
19-11-2026 16:20

BMT-nin Beynəlxalq Məhkəməsi (BƏM) noyabrın 19-da Myanmanın Rakhayn ştatında rohinca müsəlman azlığına qarşı soyqırımı törətdiyinə qərar verib. Məhkəmə Myanma təhlükəsizlik qüvvələrinin 2017-ci ildəki hərbi əməliyyat zamanı bu etnik qrupun “əhəmiyyətli hissəsini” məhv etmək niyyəti daşıdığı qənaətinə gəlib.

“BBC” yazır ki, bu, tarixi əhəmiyyətli qərardır, çünki indiyədək heç bir beynəlxalq məhkəmə bütöv bir dövləti soyqırımda təqsirli bilməyib. Bundan əvvəl soyqırıma görə ayrı-ayrı şəxslər, xüsusən Ruanda və keçmiş Yuqoslaviyadakı cinayətlərə görə mühakimə olunmuşdu.

Yeddi il davam edən işi 2019-cu ilin noyabrında Qambiya İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə qaldırıb. Myanma Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmadığından məsul şəxsləri orada mühakimə etmək mümkün deyildi; Qambiya isə soyqırım konvensiyasına əsasən birbaşa zərər çəkməyən dövlətin də iddia qaldıra biləcəyini əsas götürüb. Myanma bu yanaşmaya etiraz etsə də, məhkəmə Qambiyanın iddia hüququnu tanıyıb.

2017-ci ilin avqust-sentyabrında yüz minlərlə rohinca Rakhayndan qonşu Banqladeşə qaçmağa məcbur olub. İnsan haqları təşkilatları və BMT-nin faktaraşdırıcı missiyası Myanma hərbçilərinin qətllər, işgəncələr və kütləvi zorlamalar törətdiyini sənədləşdirib. BMT-nin 2018-ci il hesabatında ordunun hərəkətləri real təhlükəsizlik təhdidləri ilə “tamamilə qeyri-mütənasib” adlandırılıb.

Myanma hakimiyyəti etnik təmizləmə və soyqırım ittihamlarını həmişə rədd edib, əməliyyatların rohinca silahlılarının hücumlarına cavab olduğunu iddia edib.

Digər xəbərlər