Daha dörd Azərbaycan boksçusu U-23 Avropa çempionatında 1/4 finala çıxıb
İllüstrativ foto: Public domain, Wikimedia CommonsXorvatiyanın Poreç şəhərində davam edən 23 yaşadək boksçular arasında Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin dörd idmançısı 1/4 finala yüksəlib. Azərbaycan Boks Federasiyasının məlumatına görə, bir gün əvvəl daha bir boksçu bu mərhələyə vəsiqə qazanmışdı.
50 kiloqram çəkidə ikiqat Avropa çempionu Bilalhəbaşi Nəzərov döyüşə çıxmadan qalib elan olunub: rəqibi, Moldova təmsilçisi Katalin Turku çəki həddini aşdığı üçün döyüşə buraxılmayıb. Nəzərovun 1/4 finalda rəqibi çexiyalı Filip Horvat olacaq.
55 kiloqramda Zidan Hünbətov italiyalı Badreddin Buraouini, 60 kiloqramda isə Məhəmmədəli Aşırəliyev İsrail təmsilçisi Abdullah Rahalı hakimlərin yekdil qərarı ilə, 5:0 hesabı ilə məğlub edib. Hünbətov növbəti döyüşdə serbiyalı Nikola Maksimoviçlə, Aşırəliyev ispaniyalı Brandon Hinea Kollasosla qarşılaşacaq.
70 kiloqramda Nicat Alırzayev litvalı Edqaras Trotenskisə qarşı gərgin döyüşdə hakimlərin 3:2 qərarı ilə qalib gəlib. O, yarımfinal uğrunda monteneqrolu Miloş Roqanoviçlə üz-üzə gələcək.
İki boksçunun 1/4 final döyüşü noyabrın 20-də, digər ikisininki noyabrın 21-də keçiriləcək. 39 ölkədən 276 idmançının qatıldığı çempionat noyabrın 24-də başa çatacaq.

