Paşinyan: Ermənistan və Azərbaycan itkin düşənlərlə bağlı daimi əməkdaşlıq mexanizmini müzakirə edir

Arxiv foto: Tapdıq Fərhadoğlu, Public domain, Wikimedia Commons
19-11-2026 11:46

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə əməkdaşlığa institusional xarakter verilməsinin müzakirə olunduğunu deyib. O, bunu noyabrın 19-da itkin düşənlərə həsr olunmuş beynəlxalq konfransda bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanda təxminən min nəfər itkin sayılır. Onlardan 770-dən çoxu 1990-cı illərin əvvəlindən, qalanları isə 2020-ci il müharibəsi və ondan sonrakı hadisələr nəticəsində itkin düşüb.

Baş nazir problemin həllinin ən səmərəli yolunun Azərbaycanla əməkdaşlıq olduğunu deyib və bu məsələnin Dublindəki görüşdə ətraflı müzakirə edildiyini bildirib. Dublin danışıqları Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında keçirilib. Paşinyanın sözlərinə görə, ən böyük maneə həm iki ölkə arasında, həm də itkin ailələri ilə Ermənistan hökuməti arasındakı inamsızlıqdır; o, hökumətin itkinlər barədə məlumat gizlətdiyi iddialarını rədd edib.

Eyni gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” hesabında Azərbaycanda 4 010 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyatda olduğunu yazıb. Hacıyev bunu fotoqraf Rza Deqatinin ona Azərbaycanın itkinləri haqqında kitabını təqdim etməsindən bəhs edən paylaşımında qeyd edib. Onun sözlərinə görə, 2020-ci ildən sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb, qalıqların çıxarılması və şəxsiyyətlərin müəyyənləşdirilməsi davam edir.

Hacıyev Bakının Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözlədiyini, həmçinin keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin verilməsini vacib saydığını yazıb. “Ailələr yaxınlarının taleyini bilməyə layiqdirlər”, - deyə o qeyd edib.

Digər xəbərlər