Bayramov Almaniya naziri ilə mətbuat konfransında Əli Kərimlinin həbsi barədə suala cavab verib

Foto: Voice of America, Public domain, Wikimedia Commons
19-11-2026 16:37

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakı səfəri zamanı keçirilən birgə mətbuat konfransında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki sədri Əli Kərimli ilə bağlı sual verilib. Sualı “Politico” nəşrinin “Berlin Playbook” bülleteninin müəllifi Hans fon der Burxard Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova ünvanlayıb.

Bayramov cavabında deyib ki, müxalifət nümayəndəsi olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. “Hazırda onunla bağlı istintaq aparılır. Hüquqi dövlət olan istənilən ölkədə insanlar əməllərinə görə qanun qarşısında cavab verməlidirlər. Hesab edirəm ki, məhkəmənin yekun qərarı bütün suallara aydınlıq gətirəcək”, - nazir bildirib.

“Politico” Vadefulun Cənubi Qafqaz səfəri barədə yazısında Kərimlinin həbsini səfərin həssas məqamlarından biri kimi qeyd edib. Nəşr Azərbaycanın Almaniya üçün mühüm ticarət tərəfdaşı və enerji təchizatçısı olduğunu, bu ilin əvvəlindən Almaniyaya Azərbaycan qazının verildiyini xatırladır. Yazıda prezident İlham Əliyevin ölkəni 23 ildir avtoritar üsulla idarə etdiyi, Kərimlinin ötən ilin noyabrından həbsdə olduğu və onun işi üzrə prosesin qapalı keçdiyi deyilir.

Nəşr səfəri çətinləşdirən başqa məsələ kimi Almaniyanın Xarici Kəşfiyyat Xidməti (BND) ilə bağlı qalmaqalı da göstərir: xidmətin keçmiş prezidenti August Hanninq məxfi kəşfiyyat məlumatlarını Azərbaycana ötürməkdə şübhəli bilinir.

Əli Kərimli 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər ittihamı verilib.

Digər xəbərlər