“Deutsche Bank” Trampın Bakı qülləsi şirkətlərinə gələn 3 milyon dollardan çox ödənişi şübhəli sayıb

Foto: Adam Jones from Kelowna, BC, Canada, CC BY-SA 2.0, Wikimedia Commons
18-11-2026 15:08

Almaniyanın ən böyük bankı “Deutsche Bank”ın sızan daxili sənədlərinə görə, bank 2014-2020-ci illərdə Donald Trampın Bakıdakı otel layihəsini idarə edən iki ABŞ şirkətinin, “DT Marks Baku” və “THC Baku Services”in hesablarına daxil olan pulları dəfələrlə şübhəli əməliyyat kimi qeydə alıb. 2020-ci ilin mayına aid daxili qeydə görə, bu şirkətlərlə bağlı şübhəli əməliyyatların ümumi məbləği 3 milyon dolları keçib.

Rusiyanın müstəqil “Vajnıye istorii” (“iStories”) nəşri yazır ki, bank ilk dəfə 2014-cü ilin avqustunda “DT Marks Baku”ya “Danske Bank”ın Estoniya filialındakı adı açıqlanmayan bir müştəridən gələn ödənişə şübhə ilə yanaşıb: ödənişin məqsədini və göndərənlə alan arasındakı əlaqəni müəyyən edə bilməyib. 2015-ci ilin aprelində isə “THC Baku Services” Britaniyada qeydiyyatdan keçmiş “Faberlex” şirkətindən 141 min dollardan bir qədər çox pul alıb. Hollandiyanın “Follow the Money” araşdırma platformasının yazdığına görə, bank öz təhlilində bu pulları həm “Azərbaycan laundromatı”, həm də Kremlə yaxın oliqarxlarla bağlı Rusiya pul yuma şəbəkəsi ilə əlaqələndirib.

Sənədlər 50-dən çox mediadan 200-dən artıq jurnalistin birgə apardığı “Inside Deutsche Bank” araşdırmasının bir hissəsidir. Jurnalistlərin əlində bankın 15 milyondan çox daxili faylı var: elektron məktublar, müştəri sənədləri və risk qiymətləndirmələri.

Söhbət Bakıdakı 33 mərtəbəli “Trump International Hotel & Tower” binasından gedir. Layihəyə 2012-ci ildə başlanıb, amma bina heç vaxt istifadəyə verilməyib. Trampın yerli tərəfdaşları o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qohumları idi. Trampın şirkəti layihədən 2016-cı ilin sonunda çıxıb; Trampın öz bəyannaməsinə görə, o, 2015-ci ildə layihədən təxminən 2,5 milyon, 2016-cı ildə isə 300 min dollardan bir qədər çox gəlir götürüb. “Trump Organization” 2017-ci ildə Trampın layihədə “passiv rol” oynadığını, yalnız adından istifadəyə lisenziya verdiyini bildirmişdi.

“Azərbaycan laundromatı” OCCRP jurnalist şəbəkəsinin 2017-ci ilin sentyabrında dərc etdiyi araşdırmadır. Ona görə, 2012-2014-cü illərdə Britaniyada qeydiyyatdan keçmiş saxta şirkətlər vasitəsilə, əsasən “Danske Bank”ın Estoniya filialı üzərindən təxminən 2,9 milyard dollar köçürülüb, pulun bir hissəsi Avropa siyasətçilərinə çatıb. Azərbaycan hökuməti o vaxt araşdırmanı rədd etmişdi, Prezidentin mətbuat katibi Azər Qasımov onu “gülünc və qərəzli” adlandırmışdı. Sonradan AŞPA-nın keçmiş üzvü, italyan siyasətçi Luka Volonte Azərbaycan rəsmilərindən rüşvət aldığına görə 4 il həbs cəzası alıb; “iStories”ə görə, ona pul məhz “Faberlex” vasitəsilə ödənilib. Sənədlərdə “Faberlex”, “Hilux Services” və “Polux Management” şirkətlərinin kağız üzərində bakılı sürücü Məhərrəm Əhmədova məxsus olduğu göstərilir.

“Deutsche Bank” jurnalistlərə qanunun şübhəli əməliyyat hesabatları barədə danışmağı qadağan etdiyini, bu məsələlərin “uzun illər əvvələ aid olduğunu” və “bu gün başqa bank olduqlarını” bildirib. “Trump Organization” suallara cavab verməyib, Ağ Ev isə sualları bu şirkətə yönləndirib. “Danske Bank” pul yuyulmasının “heç vaxt baş verməməli olduğunu” və işin 2022-ci ildə Danimarka və ABŞ orqanlarının qərarları ilə bağlandığını xatırladıb. Azərbaycan hökuməti yeni sənədlərlə bağlı hələlik açıqlama verməyib.

Sızma Bakı ilə Tramp administrasiyası arasında münasibətlərin ən isti dövrünə düşür: İlham Əliyev 2025-ci ilin avqustunda Ağ Evdə Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyannamə imzalayıb.

Digər xəbərlər