Paşinyan: Azərbaycanla sülhün qarşısında yeganə maneə parlament müxalifətidir

Foto: Қазақстан премьер-министрі, CC BY 4.0, Wikimedia Commons
18-11-2026 20:12

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumət saatında deyib ki, Azərbaycanla yekun və geri dönməz sülhün qarşısında indi tək bir maneə qalıb - parlament müxalifəti. Onun sözlərinə görə, müxalifət özünü sülh yolunda əsas maneə kimi təqdim edir.

Paşinyan bu vəziyyətdən iki çıxış yolu gördüyünü bildirib: ya ictimai təzyiq yaradılacaq və müxalifət bu roldan imtina edəcək, ya da siyasi proseslər elə istiqamətləndiriləcək ki, müxalifətin həmin hissəsi parlamentdə olmasın. Baş nazir qalan hər şeyi “texnika məsələsi” adlandırıb.

Paşinyan həmçinin deyib ki, Ermənistanda yeni Konstitusiya qəbul olunandan sonra Azərbaycanla sülh sazişinin imzalanacağına və ratifikasiya ediləcəyinə təminat var. O, məsuliyyəti öz üzərinə götürüb xalqa geri dönməz sülh təklif edə biləcəyini bildirib. Azərbaycan hökuməti sazişin imzalanmasını Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə şərtləndirir.

Baş nazir eyni çıxışında Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzvlüyünün bir il əvvəlkindən xeyli real göründüyünü, bu barədə qərarı referendumun verəcəyini deyib. Onun sözlərinə görə, Ermənistanın NATO-ya üzv olmaq kimi məqsədi yoxdur, Aİ yolu ilə bağlı isə Rusiya ilə açıq müzakirə aparılmalıdır.

Paşinyan elə həmin hökumət saatında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRİPP) layihəsinin praktiki icra mərhələsinə keçdiyini də açıqlamışdı.

Digər xəbərlər