“Amnesty International” “AbzasMedia”nın üç ildir həbsdə olan jurnalistlərinin azad edilməsini tələb edir

Foto: Voice of America, Public domain, Wikimedia Commons
18-11-2026 12:03

Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” Azərbaycan hakimiyyətini “AbzasMedia” araşdırmaçı nəşrinin həbsdəki yeddi jurnalistini və ifadə azadlığından istifadə etdiyinə görə həbs olunan bütün digər şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Noyabrın 20-də nəşrin əməkdaşlarına qarşı həbslərin başlamasından üç il tamam olur.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers noyabrın 17-də yaydığı açıqlamada “AbzasMedia” jurnalistlərini Azərbaycanda müstəqil jurnalistikaya qarşı başlayan genişmiqyaslı təqiblərin ilk hədəfləri adlandırıb. Onun sözlərinə görə, jurnalistlər üç ildir ailələrindən uzaqda, ağır şəraitdə saxlanılır.

“Amnesty International”ın açıqlamasına görə, həbsdəki jurnalistlərin yaxınları və vəkilləri həm “AbzasMedia” əməkdaşlarına, həm də tənqidi fikirlərinə görə həbs olunan digər məhbuslara qarşı pis rəftarın artdığını deyirlər: təkadamlıq kamerada saxlanma, tibbi yardımdan məhrumetmə, döyülmə. Təşkilat hakimiyyətdən bütün məhbuslara lazımi tibbi yardım göstərməyi, zorakılıq iddialarını dərhal araşdırmağı və pis rəftarın bütün formalarına son qoymağı tələb edir.

Nəşrin direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb, ardınca “AbzasMedia”nın digər əməkdaşları, o cümlədən Azadlıq Radiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib. 2025-ci il iyunun 20-də yeddi jurnalistə maliyyə ittihamları ilə 9 ilədək həbs cəzası verilib. Jurnalistlər ittihamları rədd edir və həbslərini birbaşa peşə fəaliyyətləri ilə bağlayırlar.

Noyabrın 2-də Ülvi Həsənlinin təkadamlıq kameraya salındığı xəbəri yayılıb. Yayılan məlumata görə, həbsxana rəhbərliyi ondan “AbzasMedia”nın təcridxanalardakı şərait və mümkün qanun pozuntuları barədə materiallarını silməyi tələb edib, Həsənli isə buna etiraz olaraq aclıq aksiyasına başlayıb.

Oxşar ittihamlar sonradan “Toplum TV” jurnalistlərinə qarşı da irəli sürülüb və onlar bu ilin iyulunda 12 ildən 15 ilədək həbs cəzası alıblar; “Meydan TV” əməkdaşlarının məhkəməsi isə davam edir. Rəsmi qurumlar pis rəftar iddialarını indiyədək təkzib edib və bütün məhbusların hüquqlarının qorunduğunu bildiriblər.

Digər xəbərlər