“Baksol yolu”nda kollektora düşüb ölən gəncin işində Su Kanal İdarəsinin sahə rəisi 3 il həbs cəzası alıb

Foto: Bernard Gagnon, CC BY 4.0, Wikimedia Commons
19-11-2026 17:52

Bakıda “Baksol yolu” adlanan ərazidə kanalizasiya kollektoruna düşərək həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı iş üzrə hökm çıxarılıb. Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə noyabrın 19-da keçirilən iclasda Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

Dövlət ittihamçısı əvvəlki iclasda Cümşüdova 5 il həbs cəzası verilməsini, onun məhkəmə zalında həbs olunmasını və cəzanı ümumi rejimli müəssisədə çəkməsini istəmişdi.

İstintaqa görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer çökəndə Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun cəsədi iki gün sonra Hövsan qəsəbəsindəki kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Sahə rəisi səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham olunub.

Prosesdə dindirilən sahibkar Səyyar Nuriyev ərazidə çökmələrin hadisədən təxminən ilin əvvəlindən göründüyünü, bu barədə bir neçə dəfə “Azərsu”nun qaynar xəttinə müraciət etdiyini, qoyulan məhəccərlərin kifayət etmədiyini və möhkəm bərkidilmədiyini demişdi. Digər sahibkar Asif Həbibov ərazinin iki aydan çox təhlükəli qaldığını, bir müddət onu öz məhəccərləri ilə bağladığını bildirmişdi. Azər Cümşüdov isə təhlükəli sahənin lazımi qaydada məhəccərlə əhatə olunduğunu iddia edib.

Digər xəbərlər