Özəl sektorda maaşlardan tutulan gəlir vergisi 9 ayda illik proqnozun 70 faizində qalıb
Foto: Azərbaycan Respublikası Mərkəzi Bankı, Public domain, Wikimedia CommonsQeyri-neft-qaz sektorunun özəl bölməsində muzdla çalışanların maaşından tutulan gəlir vergisi üzrə 2026-cı ilin 9 ayında dövlət büdcəsinə 266,4 milyon manat daxil olub. Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinin layihəsinə verdiyi rəyə görə, bu, illik proqnozun təqribən 70 faizidir.
Palata buna baxmayaraq gələn il üçün bu sektor üzrə proqnozun 237,9 milyon manat, yəni 62,2 faiz artırılaraq 620,4 milyon manata çatdırıldığını yazır. Bu, ayda orta hesabla 52 milyon manat daxilolma deməkdir; 2026-cı ilin 9 ayında isə orta aylıq faktiki daxilolma təqribən 30 milyon manat olub. Rəydə deyilir ki, 9 aylıq icra göstəriciləri növbəti ildə bu vergi üzrə proqnozlaşdırılan gəlirlərin icrasında “risklərin yaranma ehtimalının olduğunu göstərir”.
2026-cı ildən qeyri-neft-qaz özəl sektorunda çalışanlar üçün gəlir vergisi güzəşti uzadılmayıb, dərəcələrin 2028-ci ilədək mərhələli artırılması qərara alınıb. Hazırda bu sektorda aylıq gəlirin 2500 manatadək hissəsindən 3 faiz, 2500 manatdan 8000 manatadək hissəsindən 10 faiz, 8000 manatdan yuxarı hissəsindən 14 faiz vergi tutulur. Gələn il 2500 manatadək olan hissə üzrə dərəcə 2 faiz bəndi artaraq 5 faizə çatacaq.
Ümumilikdə 2027-ci ilin büdcə layihəsində fiziki şəxslərin gəlir vergisindən 3 milyard 70 milyon manat gözlənilir; bu, 2026-cı ilin büdcə göstəricisindən 690,7 milyon manat, yəni təxminən 29 faiz çoxdur. Hesablama Palatası qeyd edir ki, gələn il büdcə gəlirlərinin artımında əsas rol vergi daxilolmalarına düşəcək. Neft-qaz gəlirləri azaldıqca hökumət vergi güzəştlərini uzatmamaq və bəzi dərəcələri qaldırmaq yolu ilə büdcə gəlirlərini artırmağa çalışır.
İqtisadçı Toğrul Vəliyev “Telegram” hesabında yazır ki, Dövlət Vergi Xidməti bu dəyişikliklərdən iki ildə büdcəyə təxminən 1 milyard manat əlavə gəlir gözləyir: 2026-cı ildə 382,5 milyon manat, gələn il isə dərəcənin artması və orta aylıq nominal əməkhaqqının 8,7 faiz artımı hesabına daha 238 milyon manat. Onun yazdığına görə, vergi orqanlarının hesabatında bu sektor üzrə 9 ayda hesablanmış vergi 356,9 milyon manat olsa da, bunun 90,5 milyon manatı hələ ödənilməyib.

