Son günlərdə daha bir vəkil saxlanılıb, ona narkotik ittihamı verildiyi deyilir
İllüstrativ foto: Ephraim Stillberg, CC BY-SA 3.0, Wikimedia Commons“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli noyabrın 19-da polis tərəfindən saxlanılıb.
APA və “Qafqazinfo” saytlarının əldə etdiyi ilkin məlumata görə, Kəngərli Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maddələri ilə ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
“Qafqazinfo”nun yazdığına görə, son günlərdə daha iki vəkil dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs olunub. Onlardan biri, 9 saylı vəkil bürosunda çalışan Elçin Əmirov barəsində noyabrın 16-da 3 aylıq həbs qərarı seçildiyi bildirilmişdi.
Vəkillər Kollegiyası ötən gün yaydığı açıqlamada yazıb ki, başqa sahələrdə olduğu kimi, vəkillikdə də ayrı-ayrı şəxslərin qanunu və peşə etikası qaydalarını pozması istisna deyil. Kollegiya bununla belə, belə hallar barədə ictimaiyyətə məlumat veriləndə təqsirsizlik prezumpsiyasına və şəxsin Konstitusiya ilə qorunan hüquqlarına həssas yanaşılmasını vacib sayıb.
Vəkillər Kollegiyası bu il altı vəkili sıralarından xaric edib.

