Azərbaycanın Bolqarıstana qaz ixracı 38 faiz azalıb, Yunanıstana isə artıb

Foto: Albinfo, CC BY 4.0, Wikimedia Commons
18-11-2026 21:47

Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarına dair xarici ticarət hesabatına görə, Azərbaycan bu müddətdə Bolqarıstana 872,1 milyon kubmetr təbii qaz ixrac edib. Ötən ilin eyni dövründə bu rəqəm 1,416 milyard kubmetr idi; beləliklə, həcm 38,4 faiz, dəyər isə 47,6 faiz azalıb.

Yunanıstana ixrac isə əksinə artıb: doqquz ayda bu ölkəyə 423,9 milyon dollar dəyərində 756,7 milyon kubmetr qaz satılıb. Ötən il eyni dövrdə 679,5 milyon kubmetr qaz 358,1 milyon dollara ixrac olunmuşdu. Həcm 11,4 faiz, dəyər 18,4 faiz yüksəlib.

Komitənin rəqəmlərinə əsasən hesablasaq, bu il min kubmetr qazın orta ixrac qiyməti Yunanıstan üçün təxminən 560 dollar, Bolqarıstan üçün isə 312 dollar olub.

Bolqarıstana tədarük son illərdə sürətlə artmışdı: 2021-ci ildə 232,4 milyon kubmetr olan ixrac 2025-ci ildə 1,931 milyard kubmetrə, dəyəri isə 40,7 milyon dollardan 688,8 milyon dollara çatmışdı. Ən böyük sıçrayış Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istifadəyə verilməsindən sonra, 2023-cü ildə qeydə alınıb.

Azərbaycan qazı Avropaya Cənub Qaz Dəhlizi ilə - Türkiyədən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyadan keçən TAP kəmərləri vasitəsilə nəql olunur. 2025-ci ildə Yunanıstana 910,5 milyon kubmetr qaz 461,2 milyon dollara ixrac edilmişdi.

Digər xəbərlər