“Human Rights Watch” “Meclis.info işi” üzrə həbs olunanların azad edilməsini tələb edir

Arxiv foto: Elgiz Qəhrəman, Public domain, Wikimedia Commons
18-11-2026 17:49

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” (HRW) “Meclis.info” platformasının həmtəsisçisi İmran Əliyevə 10, ictimai fəal Elgiz Qəhrəmana 9 il həbs cəzası verilməsini pisləyib və hər ikisinin dərhal azadlığa buraxılmasını tələb edib.

HRW noyabrın 17-də yaydığı bəyanatda yazır ki, fəallar şübhəli maliyyə cinayətləri ittihamları ilə məhkum ediliblər və bu hökmlər 2023-cü ilin sonundan bəri müstəqil jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı davam edən siyasi motivli təqiblərin bir hissəsidir. Təşkilatın fikrincə, Azərbaycan hakimiyyəti məhdudlaşdırıcı qanunlar və qeydiyyat maneələri ilə müstəqil təşkilatların fəaliyyətini və xaricdən maliyyə almasını faktiki olaraq qeyri-mümkün edib.

Hökm noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə oxunub. Platformanın mühasibi Tamella Musayeva şərti cəza alıb. Üç nəfər qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, vergidən yayınma və sənəd saxtalaşdırılmasında təqsirli bilinib; onlar ittihamları qəbul etməyib və bəraət istəyiblər. Hökmdən dərhal sonra Elgiz Qəhrəman məhkəmə zalında həbs edilib.

HRW xatırladır ki, İmran Əliyev məhkəmədə xaricdən qrant aldığını təsdiqləsə də, cinayət törətdiyini rədd edib və təqibi “Meclis.info”nun fəaliyyəti ilə bağlayıb. Onun vəkilinə görə, xarici qrantın qeydiyyata alınmaması ən çoxu inzibati xətadır. 2023-cü ildə yaradılan platforma deputatların iclaslarda iştirakını, səsvermələrini və açıqlamalarını izləyirdi.

Bəyanatda İmran Əliyevin aprel ayında məhkəmədə verdiyi ifadəyə də diqqət çəkilir: o, saxlanıldıqdan sonra polis əməkdaşlarının onu döydüyünü, elektrik cərəyanı ilə işgəncə verdiyini və vəkilsiz sənəd imzalamağa məcbur etdiyini deyib. HRW-yə görə, Daxili İşlər Nazirliyi bu iddiaları səmərəli araşdırmayıb.

HRW Elgiz Qəhrəmanın əvvəlki həbsini də xatırladır: o, 2016-cı ildə narkotik ittihamı ilə həbs olunub, 2019-cu ilin martında əfvlə azadlığa çıxıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2026-cı il yanvarın 13-də həmin həbsin əsl məqsədinin onun ictimai-siyasi fəallığını və NİDA Vətəndaş Hərəkatındakı fəaliyyətini cəzalandırmaq olduğu qənaətinə gəlib.

Digər xəbərlər