Prokuror müxalifətçi hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istəyib
Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilib.
Səfərov 2025-ci il dekabrın 9-da həbs olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı verilib; bu maddə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.
İstintaqın iddiasına görə, Səfərov hüquqşünas Günel Əfəndiyevaya vəzifəli şəxslər arasındakı tanışları vasitəsilə onu hansısa vəzifəyə təyin etdirəcəyini vəd edib və bunun üçün ondan 53 min manat alıb, amma vədini yerinə yetirməyib. İttihamda həmçinin deyilir ki, Səfərov Vəkillər Kollegiyasından xaric edilsə də, Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini bildirib.
Namizəd Səfərov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti məhkəmə təmin etməyib.
Səfərov əvvəllər Milli Şuranın üzvü olub, 2020-ci ildə qurumdan istefa verib. Son dövrdə o, xaricdə yaşayan mühacirlərin yaratdığı Azərbaycan Xalq Parlamentinin üzvü idi. Müxtəlif illərdə deputatlığa və prezidentliyə namizədliyini irəli sürüb.
