Tramp Putin və Si Cinpinlə görüşdən əvvəl: İran məsələsində Rusiya və Çindən kömək istəməyəcəyəm
Foto: The White House, Public domain, Wikimedia CommonsABŞ prezidenti Donald Tramp Çinin Şençjen şəhərində Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə keçirəcəyi üçtərəfli görüşdən əvvəl İranla münaqişənin həlli üçün Moskva və Pekindən kömək istəməyəcəyini bildirib. “Heç kimin köməyinə ehtiyacımız yoxdur. Onlar razılaşma bağlamaq istəyirlər”, - Tramp İranı nəzərdə tutaraq “Fox News” telekanalına müsahibəsində deyib.
Trampın sözlərinə görə, Tehran hazırda Vaşinqtonla “çox yaxşı rəftar edir”. “Onlar atəş açmırlar. Gəmiləri batırmırlar”, - o deyib. ABŞ prezidenti bir daha iddia edib ki, ABŞ İranın donanmasını, hərbi hava qüvvələrini və ordusunu “darmadağın edib”, Hörmüz boğazı isə tam ABŞ-nin nəzarətindədir. Halbuki elə həmin gecə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində daha üç tankerin minaya düşüb alovlandığını açıqlamışdı, Britaniyanın dəniz ticarəti təhlükəsizliyi mərkəzi UKMTO isə Oman sahilində başqa bir tankerin naməlum sursatla vurulduğunu bildirmişdi.
Tramp nüvə arsenallarının mümkün azaldılması çərçivəsində ABŞ, Rusiya və Çində yoxlamalar aparılmasına da etiraz etmədiyini deyib. Liderlərə belə yoxlamalar təklif edib-etməyəcəyi sualına “Məncə, bu normaldır”, - deyə cavab verib. Bununla belə, o, bunun həm ABŞ, həm də Moskva və Pekin üçün “çətin” olacağını etiraf edib. “Sizə nə etdiyimizi deyə bilmərəm. Amma belə deyək: mən hər şeyi bilirəm. Biz Çinə qarşı casusluq edirik, onlar da bizə qarşı”, - Tramp əlavə edib.
ABŞ prezidenti Putin və Si Cinpinlə eyni vaxtda görüşməyin Vaşinqtona niyə sərfəli olduğunu da izah edib: “Çünki onlar birlikdə işləyirlər. Onların münasibətləri var”. Trampın fikrincə, Moskva ilə Pekinin tərəfdaşlığı “baş tutmamalı idi”, onları enerji daşıyıcıları birləşdirib, bu yaxınlaşmaya isə keçmiş prezident Barak Obama yol açıb.
Daha sonra APEC forumundakı çıxışında Tramp üçtərəfli görüşü “səbirsizliklə gözlədiyini” və orada “üç ölkə üçün yeni imkanları” müzakirə edəcəklərini deyib. Kremlin köməkçisi Yuri Uşakov Putinlə Trampın görüşünün “faydalı və məzmunlu” olacağına ümid etdiyini bildirib. Kreml sözçüsü Dmitri Peskov isə tam formatlı ikitərəfli danışıqların gözlənilmədiyini, vaxt olarsa liderlərin ilk növbədə Ukraynanı müzakirə edəcəyini deyib. Üç ölkənin liderləri bu formatda ilk dəfə görüşür.

