Həbsdən çıxan AXCP fəalı: həbsxanalarda şəkər xəstələrinə insulin belə verilmirdi

Foto: Michael Coghlan from Adelaide, Australia, CC BY-SA 2.0, Wikimedia Commons
19-11-2026 13:13

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev deyir ki, cəzaçəkmə müəssisələrində ən ağır problem tibbi xidmətdir və bu, məhbusların sağlamlığına ciddi ziyan vurur. Bu ilin avqustunda ikinci uzunmüddətli həbs cəzasını başa vurub azadlığa çıxan Salayevin sözlərinə görə, ürək və böyrək xəstəliklərindən əziyyət çəkdiyi üçün lazım olan dərmanları əsasən ailəsi gətirib: “Analgin, strabon, təzyiq dərmanından başqa heç bir dərman verilmir... Şəkər xəstələrinə insulin belə vermirdilər”. O, QİÇS xəstəsi olan məhbusların dərmanları vaxtında verilmədiyi üçün öldüyünü də iddia edir.

Salayev bu fikirləri “Toplum TV”yə danışıb. O, 2020-2022-ci illərdə 16 və 17 saylı, 2023-cü ildən bu ilin avqustunadək isə 11 saylı cəzaçəkmə müəssisələrində saxlanılıb. Onun sözlərinə görə, bəzi müəssisələrdə su çatışmazlığı var, qidalanma zəifdir, Xərəzdəki 5 saylı müəssisənin şəraiti isə “18-19-cu əsrə aid həbsxana” təsiri bağışlayır.

Adlarının çəkilməməsi şərti ilə “Toplum TV”yə danışan və 11 saylı müəssisədə saxlanılmış keçmiş məhkumlar iddia edir ki, orada varlı məhbuslar üçün hər cür şəraiti olan ayrıca bölmə var. Onların sözlərinə görə, bu bölməyə keçmək 7-10 min manata başa gəlir, üstəlik məhkum ayda 300 manat ödəyir, təmir xərclərini də bazar qiymətindən 3-4 dəfə baha özü qarşılayır. “Toplum TV” 11 saylı müəssisədən münasibət ala bilməyib, Penitensiar Xidmət də sorğuya cavab verməyib.

Oktyabrın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov vəzifəsindən azad edilib, yerinə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Sahib Rzayev təyin olunub. Seyidovun rəhbərliyi dövründə siyasi məhbus sayılan bir çox şəxs saxlanma şəraitindən şikayət edib. “Toplum TV işi” üzrə həbsdə olan Ramil Babayev bu ilin mayında Bakı İstintaq Təcridxanasında işgəncələrə və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması da daxil olmaqla 11 tələblə aclıq aksiyasına başlamışdı.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli deyir ki, həbsxanalarda vəziyyət “acınacaqlıdır”: sıxlıq və tibbi problemlər qalır. Onun fikrincə, rəhbərlik dəyişikliyi nizam-intizama təsir edə bilər, amma sıxlığın aradan qaldırılması Penitensiar Xidmətin səlahiyyətində deyil. Ədliyyə naziri Fərid Əhmədov ötən ay 2030-cu ilədək ümumilikdə 11 min məhkum üçün yeni cəzaçəkmə müəssisələri tikiləcəyini açıqlamışdı; Cəfərli isə islahatın təkcə yeni həbsxana tikməklə mümkün olmadığını deyib, həbsə alternativ cəzaların tətbiqini təklif edir.

Digər xəbərlər