Ermənistan Təhlükəsizlik Şurasının katibi dekabrda Azərbaycana səfər edəcək
Arxiv foto: Ashkhen87, CC BY-SA 4.0, Wikimedia CommonsErmənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gedəcəyini açıqlayıb. Noyabrın 19-da jurnalistlərlə danışan Simonyan səfərin Bakıya olmayacağını bildirib, amma hansı şəhərdə keçiriləcəyini deməyib.
Simonyanın sözlərinə görə, bu, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana etdiyi səfərə cavab səfəridir. “Hikmət Hacıyev Ermənistana gəlmişdi, indi cavab səfəri ilə mən getməliyəm”, - deyə o bildirib. Onun sözlərinə görə, səfərdə texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.
Simonyan həmçinin bu ayın sonunda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Ermənistana gələcəyini deyib.
Ermənistan rəsmisi Dublində Hacıyevlə keçirdiyi danışıqlara da toxunub. Onun sözlərinə görə, orada “əsirlərdən tutmuş növbəti görüşlərə qədər” bütün məsələlər müzakirə olunub.
Hikmət Hacıyev bu ilin iyununda ilk dəfə Ermənistanın Dilican şəhərinə gedərək o vaxt Təhlükəsizlik Şurasının katibi olan Armen Qriqoryanla görüşmüşdü. Ermənistan Təhlükəsizlik Şurası həmin vaxt növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirmişdi. Alen Simonyan bundan əvvəl Ermənistan parlamentinin sədri vəzifəsini tutub.

