Talışların problemlərindən danışan həbsdəki bloger ona aid edilən Azərbaycan vəsiqəsinin saxta olduğunu deyir
Bakı Apellyasiya Məhkəməsində noyabrın 18-də həbsdəki hökumət tənqidçisi Kamal İsayevin şikayəti üzrə hazırlıq iclası keçirilib. İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim Emin Əliyevin sədrlik etdiyi iclasda iş materialları ilə tanışlıq olub, prosesdə Rusiya səfirliyinin nümayəndəsi də iştirak edib.
Materiallarda İsayevin adına 2007-ci ildə verilmiş Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi olduğu məlum olub. Rusiya vətəndaşı olan İsayev bunu qəbul etməyib: “1989-cu ildə Rusiyaya köçmüşəm və o vaxtdan orada yaşayıram. Bu şəxsiyyət vəsiqəsi saxtadır”.
Vəkil Nemət Kərimli müdafiə etdiyi şəxsin Azərbaycan dövləti əleyhinə fikir səsləndirmədiyini, əksinə, Qarabağla bağlı videolar çəkib Azərbaycan xalqını təbrik etdiyini deyib. İsayev isə məhkəmədə bildirib ki, talış xalqının problemlərindən danışdığı üçün separatçı adlandırılır: “Heç vaxt Azərbaycanın parçalanmasının tərəfdarı olmamışam. İstintaq orqanı və dövlət ittihamçısı özlərinə sərf edən hissələri kontekstdən çıxarıb ittiham aktı hazırlayıblar”.
Bakı Ağır Cinayətlər Məhkəməsi 8 sentyabrda İsayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, dövlət əleyhinə açıq çağırışlar, ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların yayılması, habelə milli, irqi, sosial və ya dini nifrət salma maddələri ilə təqsirli bilinib.
Rusiyada yaşayan İsayev ötən ilin noyabrında Türkiyəyə səfər edərkən saxlanılıb və Azərbaycana ekstradisiya olunub. Onun “YouTube”da “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub, o, hakimiyyətin etnik azlıqlara dair siyasətini mütəmadi tənqid edib.
