Putinin Tramp və Si Cinpinlə görüşündən saatlar əvvəl Krım körpüsü bir həftədə üçüncü dəfə hücuma məruz qalıb
Foto: Пресс-служба Правительства республики Крым, CC BY 4.0, Wikimedia CommonsRusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı Rusiya ilə birləşdirən körpü noyabrın 19-na keçən gecə yenidən hücuma məruz qalıb. Moskvanın Krımda təyin etdiyi rəhbər Sergey Aksyonov sosial şəbəkə kanalında yazıb ki, “növbəti hücum nəticəsində” körpüdə hərəkət müvəqqəti dayandırılıb. Onun sözlərinə görə, bütün aidiyyəti xidmətlər yerindədir, dəymiş zərər qiymətləndirilir.
“Meduza” nəşri qeyri-rəsmi məlumata istinadən yazır ki, bu dəfə körpünün əvvəlki hücumlardan salamat qalan dəmir yolu hissəsi hədəfə alınıb və ona azı iki zərbə dəyib. Rusiya rəsmiləri zərərin miqyası barədə məlumat verməyib.
Bu, bir həftə ərzində körpüyə edilən üçüncü hücumdur. Körpü noyabrın 16-sı səhər və 17-nə keçən gecə də vurulmuşdu; ikinci hücumda avtomobil yolunun tağlarından biri çöküb dənizə düşmüşdü. Ukrayna prezidenti Volodimir Zelenski ilk zərbələri həftələrlə hazırlanmış “misli görünməmiş əməliyyat” adlandırmışdı. Kreml sözçüsü Dmitri Peskov isə körpünün “yenidən tikiləcəyini və əvvəlkindən də yaxşı olacağını” demişdi.
Yeni hücum Rusiya prezidenti Vladimir Putinin Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli görüşündən bir neçə saat əvvələ təsadüf edib. Peskovun sözlərinə görə, Putinlə Tramp arasında tam formatlı ikitərəfli danışıqlar gözlənilmir, amma vaxt olarsa, liderlər cari məsələləri, “ilk növbədə Ukraynanı” müzakirə edə bilərlər. Mediada mənbələrə istinadən yazılırdı ki, üçtərəfli görüşün təşəbbüskarı Putin olub və o, Ukraynadakı müharibəni müzakirə etmək istəyib, lakin Si Cinpin bununla razılaşmayıb.
Rusiya da son günlərdə Ukraynada körpüləri hədəfə alır: BBC-nin yazdığına görə, Kiyevdə Dnepr çayı üzərindəki Şimal və Cənub körpüləri vurulub, nəqliyyat hərəkəti dayandırılıb, bəzi ərazilərdə işıq və su kəsilib. Odessa vilayət administrasiyası isə çərşənbə günü Rusiyanın Odessaya dron hücumunda azı üç nəfərin öldüyünü bildirib.


